Əliriza Fərşinin məzuniyyəti yenidən uzadılıb
Tibbi məzuniyyətdə olan Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi dünən 9 Fevral 2022-də şəxsi İnstaqram səhifəsində məzuniyyət müddətinin 25 Fevrala qədər uzadıldığını bildirdi.
Cənab Fərşi müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin uzadılması barədə qərarın Bəharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərar İcrasının 2-ci şöbəsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.
Əliriza Fərşi 27 Yanvar 2022-ci il, cümə axşamı günü elektron qandalla Bina xəstəxanasına yerləşdirilib və gözündən əməliyyat olunub.
Bu dil hüquqları fəalı 9 Yanvar tarixində 600 milyon tümənlik girov qarşılığında 18 günlük tibbi məzuniyyətə buraxılıb və bu məzuniyyətin ixtisaslaşdırılmış müayinələrə ehtiyac səbəbindən uzadılması nəzərdə tutulub.
Əliriza Fərşi 22 İyul 2021-də evinə qayıdarkən Tehranda saxlanılıb və Evin həbsxanasına köçürülüb. O həbs zamanı döyülmə nəticəsində başından, üzündən, boğazından və hər iki gözündən xəsarət alıb. Əliriza Fərşinin həkiminin diaqnozuna görə, onun kornea nəqli əməliyyatına ehtiyacı var.
Əliriza Fərşi hazırda Böyük Tehran Həbsxanasında iki illik cəza çəkir. 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.
Əliriza Fərşı, həbsdəykən yeni bir işdə Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi. Ayrıca bu mədəni fəal eyni zamanda iki il qruplar, partiyalar və dəstələrə üzv olmaqdan məhrum edilib və iki ay (hər gün dörd saat) Tehran bələdiyyəsi təkrar emal şöbəsində çalışmaya məhkum edildi.