Əli və Rza Vasiqi qardaşları 5 il həbs cəzasına məhkum edilib
İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqi 5 il ümumi həbs cəzasına məhkum edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Əli Vasiqi 3 və qardaşı Rza Vasiqi Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilib.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “gecəlik yaymaq ilə İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Bu hökm avqustun 18-də çərşənbə axşamı günü Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq bu fəallara elan edilib.
Bu iki qardaş müvəqqəti sərbəst buraxıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən bədənlərinə olan işgəncə və yara izlərini sosial şəbəkələrdə yayımlamaqda və bununla da İran İslam Respublikasına qarşı təbliğat aparmağa ittiham olunurlar.
Əli və Rza Vasiqi müvəqqəti azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə yayılan fotolarda onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara və işgəncə izlərini aydın görmək mümkün idi.
Ərdəbildə həbs edilən iki milli fəal müvəqqəti azadlığa buraxılıb
Vasiqi qardaşları iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində tutulmuşdular.
İran hökumətinin təhlükəsizlik qüvvələri milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdi.
Təhlükəsizlik qüvvələri tərəfindən göstərilən fiziki zorakılıq o qədər şiddətli olmuşdu ki, məsələyə qonşular və ətrafda olan mağaza sahibləri də etiraz etmişdi.
Vasiqi qardaşları iyunun 16-da 6 gün nəzarət altında qaldıqdan sonra hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
VOA