Əkbər Muhaciri İranın Ali Məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilib
İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Əkbər Muhaciri İranın Ali Məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib.
Əkbər Muhaciri fərqli ittihamlardan iki fərqli məhkəmə olan Cinayət və İnqilab məhkəmələrində mühakimə edilmişdi. O, Təbriz İnqilab məhkəməsinin 2-ci şöbəsi tərəfindən “GAMAC adlı qeyri-qanuni təşkilata üzv olmaq” ittihamı ilə suçlanaraq 3 il həbs cəzasına məhkum edilmişdi. Fəalın məhkəmə qərarına verdiyi etiraz tələbindən sonra Şərqi Azərbaycan Apellyasiya məhkəməsində həbs hökmü 6 aya endirilmişdi.
Günaz TV saytında dərc edilən məlumata görə, məhkəmə dosyesi İranın Ali məhkəməsinə göndərildikdən sonra, həmin məhkəmə ilkin məhkəmənin verdiyi qərarı qüvvədə saxlayıb və milli fəal 3 il azadlıqdan məhrum edilib.
Muhaciri, həmçinin Cinayət Məhkəməsi tərəfindən “ictimai asayişi pozmaq” ittihamı ilə 1 il həbs, 74 qamçı və 10 milyon tümən pul cəriməsinə məhkum edilmişdi. Bu qərar isə Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən 1 ilə qədər təxirə salınıb.
Milli fəal 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artması ardından baş qaldıran kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.
Əkbər Muhaciri İkinci Qarabağ Müharibəsi zamanında İran Azərbaycanının fərqli şəhərlərində Azərbaycan ordusuna dəstək olmaq üçün keçirilən mitinqlərdə bir çox sayda milli fəal və adi vətəndaş ilə birlikdə həbs edilmişdi.
Türk fəal Əkbər Mühaciri indiyə qədər dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla məhkum olub.
VOA