Əfşar Muhib bir ay sonra Ərdəbil həbsxanasından sərbəst buraxılıb
Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə olan siyasi məhbus Əfşar Muhib təxminən bir aya yaxın həbsdən sonra 19 Yanvar 2022-ci il çərşənbə günü girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıb.
İranwire-in aldığı məlumatlara görə, Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinin müstəntiqi Hatif Qasımzadə, təxminən bir aya yaxın qanunsuz olaraq girov qəbulundan imtina edərək, Əfşar Muhibin müvəqqəti sərbəst buraxılmasına mane olduqdan sonra, nəhayət, dünən 50 milyon Tümənlik girovu qəbul etdi və bu siyasi məhbus məhkəməyə qədər müvəqqəti olaraq bu həbsxanadan sərbəst buraxıldı.
Əfşar Muhib 22 Dekabr 2021-ci il çərşənbə günü Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsinə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu mədəni fəal 22 Dekabr axşam saatlarında ailəsi ilə qısa telefon danışığında həbs olunduqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürüldüyünü və dərc etdirdiyi yazı və məqalələrin məhkəmə tərəfindən suç sayıldığını bildirib.
Bu müddət ərzində bu siyasi məhbusun ailəsi Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinə 50 milyon Tümən girov qoyulması üçün dəfələrlə müraciət edib. Lakin işin müstəntiqi girov qəbul etməməklə yanaşı, Əfşar Muhubin ailəsinə qarşı da sərt davranaraq onlara hörmətsizlik edib.
Cinayət Prosessual Məcəlləsinə əsasən, təqsirləndirilən şəxs tərəfindən girov qərarı verildikdən və onun təmin edilməsindən sonra iş müstəntiqi girovu qəbul etməktədir. Həmin qanunun 222-ci maddəsinə əsasən, zaminin yazılı müraciəti müstəntiq tərəfindən rədd edildikdə, səbəb işdə açıqlanmalıdır. Qanunun bu maddəsinin pozulması müstəntiqin dördüncü dərəcəli və daha yüksək intizam məsuliyyətinə cəlb edilməsi ilə nəticələnir.
Ayrıca Əfşar Muhib 2 Yanvardan 5 Yanvar 2022-yə qədər ədliyyə rəsmisinin onun girov qarşılığında sərbəst qalmasına mane törətdiyinə etiraz olaraq 4 günlük aclıq aksiyası keçirdi. Siyasi məhbus mədə yarasının şiddətlənməsi və Ərdəbil həbsxanası rəhbərliyinin onun girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılması üçün əlaqədar qurumlara lazimi yazışmaları aparacaqlarına söz verdikdən sonra aclıq aksiyasını dayandırıb.
Əfşar Muhib Ərdəbildə yaşayan mədəni fəaldır. O, son illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və saxlanılıb. Sonuncu halda bu mədəni fəal 2020-ci il fevralın 25-də iş yerindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Ərdəbil Kəşfiyyat İdarəsində dindirilib.