Ərdəbilli milli fəalın məhkəməsi bu günə təyin edilib
2018 Babək qalası mərasimi zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Ərdəbilli milli fəal Məhəmməd Xakpurun məhkəmə tarixi təyin edilib.
İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə əsasən, Xakpurun məhkəməsi iyunun 22-də Kəleybər şəhərinin İnqilab Məhkəməsində keçiriləcəkdir. Məhkəmənin zamanı məhkəmə tərəfindən xəbərdarlıq məktubu göndərilərək milli fəala bildirilib.
Məhəmməd Xakpur 2018 iyulun 5-də Babək qalası tədbirləri zamanı Kəleybərin Ettelaat İdarəsi tərəfindən saxlanılaraq 3 gün sonra sərbəst buraxılmışdı. Daha sonra 2018 noyabrın 14-də Ərdəbilin İnqilab Məhkəməsi tərəfindən çağırılıb sorğu sual edildikdən sonra 30 milyon tümənlik girov qarşılığında məhkəmə zamanına qədər sərbəst buraxılmışdı. Milli fəal 2018-ci ildə həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalaraq döyülmüşdü.
2018-ci ilin iyulunda Babək qalası mərasimləri zamanı İran Azərbaycanının fərqli şəhərlərində 80-dən çox azərbaycanlı milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. 2018 avqust 11-də beynəlxalq Amnesty International bu barədə bəyanat yayaraq milli fəalların İranın təhlükəsizlik qüvvələri tərəfindən həbsini qanunsuz və özbaşına adlandıraraq bir an öncə sərbəst buraxılmalarını istəmişdi.
Məhəmməd Xakpur daha öncə də mədəni fəaliyyətləri nəticəsində dəfələrlə İran təhlükəsizlik qüvvələri tərəfindən Urmiyə gölü ilə bağlı aksiyalar zamanı və 2012-ci ilində Ana Dili Günü tədbirlərində iştirakı üçün həbs edilmişdi. O, həmçinin universitet tələbəsi olduğu zaman fəaliyyətlərindən dolayı 1 il təhsildən uzaqlaşdırılmışdı.
VOA