Əli və Rza Vasiqi həbsxanadakı əvvəlki bölmələrinə qaytarılıb
Ərdəbil Həbsxanasında saxlanılan iki siyasi məhbus Əli və Rza Vasiqi aclıq aksiyasından sonra əvvəl saxlandıqları bölməyə köçürülüb.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Vasiqi qardaşları Abbas Lisaniyə dəstək olaraq onunla birgə aclıq aksiyasına başladıqları üçün həbsxananın karantin bölməsinə yerləşdirilmişdilər. Aclıq aksiyası zamanı Rza Vasiqi 7-ci bölməyə, Əli Vasiqi isə 2-ci bölməyə köçürülərək, onların telefon görüşmələrinə qadağa qoyulmuşdu.
Yayımlanan məlumata görə, iyunun 24-də axşam saatlarında Vasiqi qardaşları əvvəl saxlandıqları 13-cü bölməyə qaytarılıb.
Abbas Lisani iyunun 12-dən etibarən Ərdəbil Həbsxanasının səlahiyyətlilərinin ona qarşı tətbiq etdiyi təzyiqlərə etiraz olara aclıq aksiysına başlamışdı. Abbas Lisani daha öncə ağır cinayətlərdən məhkum edilən şəxslərin siyasi məhbusların bölməsinə köçürülməsinə dair həbsxana rəsmilərinə etiraz məktubu ünvanlamışdı. Siyasi məhbusun şifahi və yazılı etirazları nəticəsiz qaldıqdan sonra, o, aclıq aksiyası keçirməyə qərar vemişdi.
Cənab Lisaniyə dəstək məqsədilə Tehran və Ərdəbil həbsxanasında saxlanılan türk fəallar da aclıq aksiyasına başlamışdılar. Ərdəbil həbsxanasında saxlanılan Əli və Rza Vasiqi isə Lisaniyə dəstək verən siyasi məhbusların arasında idi.
Ərdəbil sakini olan Vasiqi qardaşlarının hər birinə 2 il həbs cəzası verilib. Keçən ilin iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan Əli və Rza Vasiqinin saxlanılan zaman ağır şəkildə döyüldükləri bildirilmişdi.
VOA