Səid Əzizi: Qeyri-fars millətlərə mənsub təşkilatlar ixtilaflarını ancaq müzakirə yolu ilə çözə bilərlər
Bu yaxınlarda İran Kürdüstanı Demokrat Partiyasının (İKDP) rəsmi veb səhifəsində dərc edilən bir xəritə bəzi güney təşkilatlarının etirazına səbəb olub. Siyasi fəal Səid Əzizi Amerikanın Səsi ilə söhbətdə deyib ki, qeyri-fars etnik icmalara mənsub fəallar və təşkilatlar ixtilaflarını ancaq müzakirə yolu ilə həll edə bilərlər.
Səid Əzizinin sözlərinə görə, keçən təqribən 100 il ərzində İran hakimiyyətləri müxtəlif etnik icmalar arasında ixtilaf yaratmaq istiqamətində siyasət yürüdüblər.
Nə Azərbaycanda nə də Kürdüstanda heç bir təşkilat yoxdur ki, bütün millətdən mandatı ola. Buna görə də, bugünün hər hansı qərarı və ya razılaşması millətin hamısına aid ola bilməyəcək.
“Keçən 100 ildə, demoqrafiyanı dəyişdirmək İrandakı hakimiyyətlərin əsas siyasəti olub. Bunu edərək, onların birinci hədəfi qeyri-fars millətləri assimilyasiya etmək və farsların sayını ola bildiyi qədər çoxaltmaq olub. Bunun üçün, fars bölgələrində investisiyanı artırıb, digər yoxsul bölgələrin insanlarını oralara köçdürüblər. Bir uzun müddət planları da bu olub ki, qonşu millətləri bir-birinin ərazisinə köçürsünlər. Əlbəttə bunların da bir hissəsi həyat şərtlərinə görə köçməyə məcbur olurlar. Yəni, kənddən şəhərə köçən olur. Yoxsul bölgələrdən zəngin bölgəyə, sənayeləşməmiş bölgələdən sənayeləşmiş bölgəyə köçürlər.”
Müasir İran tarixində müxtəlif qeyri-fars bölgələrində təşkil olunan “milli” dövlətlərə diqqət çəkən Səid Əzizi deyir ki, İran hakimiyyəti keçmişdə yaşanan bu təcrübələrə görə hərəkət edir:
“İranda milli hərəkatlar həmişə güclü olub. Məsələn, biz 75 il bundan əvvəl İranın hər tərəfində bu millətlərin qurduğu dövlətləri görürük. İran hakimiyyətləri keçmişdə bunu təcrübə ediblər ki, qeyri-fars millətlərin öz bölgələrində milli dövlət qurmağa həm qabiliyyətləri, həm də güclü istəkləri vardır.”
Biz bugün onların haqqını müdafiə edə bilməsək, gələcəkdə də onlar, özlərini Azərbaycanın bir parçası kimi görməkdən qorxacaq.Siyasi fəal hesab edir ki, hakimiyyətin yürütdüyü siyasətlərdən əlavə, etnik icmalara mənsub fəallar və təşkilatların da bəzi səhvləri ixtilafların çözülməməsinə səbəb ola bilir:
“Bizim özümüzün də xətamız böyükdür. Yəni, sadəcə türkləri demirəm, ümumiyyətlə qeyri-fars qruplar… Biz hamımız müxalifətə düşmüşük və müxalifət olaraq neçə cəbhədə çalışırıq. Bir tərəfdə hakimiyyətə qarşı mücadilə edirik. Bir tərəfdə qadınların mübarizəsi var. Fəhlələrin mübarizəsi var. Amma, bir şeyi unuduruq. Misal, türklərin öz çətinliklərindən əlavə, bölgənin özünün də çətinlikləri var. Məsələn, səhiyyə xidməti zəifdirsə, bundan sadəcə türklər deyil, orada yaşayan hərkəs əziyyət çəkir.”
Əzizi qeyri-fars etnik icmalara mənsub təşkilatların öz bölgələrində azlıqda olan digər etnik icmaların problemlərinə laqeyd qalmasını tənqid edir.
“Xəbərlərə baxanda, biz Azərbaycanda ancaq türklərin məruz qaldığı basqılardan yazırıq. Halbuki, Azərbaycanda təkcə türklər yaşamır. Məsələn, biz türklər Azərbaycan kürdlərin əhvalatları barədə öz mediamızda yazsa, onlara əhalimizin bir bölümü kimi yanaşsaq, millətlər arasında bir növ səmimiyyət olar. Sadəcə türklər deyil, ərəblər və kürdlər də öz bölgələrində belə etməlidirlər,” türk fəal söyləyir.
Təşkilatlar digər enik icmalara qarşı ərazi iddia etməməlidirlər. Bunu qoyaq gələcəkdə özümüzə aid olan dövlətlər bir-biri ilə anlaşalar və onun qanuni legitimliyi olar.O, əlavə edir: “Gələcəkdə ki, deyirik Azərbaycanda bir dövlət quracayıq, orada türklərdən əlavə başqa millətlər də yaşayacaq. Biz onları da istər federal, istər müstəqil Azərbayancanın vətəndaşları kimi qorumalıyıq. Bizim sünnimiz var, şiəmiz, yəhudimiz var. Başqa millətlər və dinlərə mənsub azlıqlarımız var. Biz bugün onların haqqını müdafiə edə bilməsək, gələcəkdə də onlar, özlərini Azərbaycanın bir parçası kimi görməkdən qorxacaq. Odur ki, Azərbaycanın kürdünə, türklər və Kürdüstandakı türkə də kürdlər sahib çıxmalıdır.”
Səid Əzizi digər etnik icmalara mənsub təşkilatlarla ixtilafların ancaq müzakirə yolu ilə həll oluna biləcəyini vurğulayır.
“Belə ixtilaflar ancaq müzakirə ilə həll olunan bir şeydir. Çünki, birincisi, nə Azərbaycanda nə də Kürdüstanda heç bir təşkilat yoxdur ki, bütün millətdən mandatı ola. Belə bir qüvvə yoxdur. Buna görə də, bugünün hər hansı qərarı və ya razılaşması millətin hamısına aid ola bilməyəcək. Amma partiyaların arasında cəhdlər var… Təşkilatlar digər etnik icmalara qarşı ərazi iddia etməməlidirlər. Bunu gələcəkdə özümüzə aid olan dövlətlər bir-biri ilə anlaşarlar və onun qanuni legitimliyi olar,” siyasi fəal ifadə edir.