Agentlik “YouTube”da “Küçələrə su səpmişəm” xalq mahnısının fars mahnısı kimi təqdim edilməsinə münasibət bildirib
Son günlər sosial şəbəkələrdə “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının “YouTube” portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlar yayılıb.
Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparıb.
Agentlikdən Azertac-a bildirilib ki, bir sıra “YouTube” kanallarında, o cümlədən, “chekhabar1234” və “Persian Song” adlı kanallarda iranlı musiqiçi Fereydoun Asraeinin ifasında “Dooset daram” adlı mahnı yerləşdirilib və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib.
Bununla bağlı bildiririk ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilib və musiqinin mənşəyi barədə məlumat göstərilməyib. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir.
Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. “Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilib. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan “Azərbaycan xalq melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub.
Mahnı, eyni zamanda, 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilmişdir.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantının Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı “YouTube” kanalına yüklənib.
“Küçələrə su səpmişəm” xalq mahnısını, həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən səsləndirilib, maddi daşıyıcılara yazılaraq “YouTube” səhifələrinə yüklənib.
Xüsusi olaraq vurğulamaq istəyirik ki, “Küçələrə su səpmişəm” xalq mahnısı iranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer alıb, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilib və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib.
Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və “YouTube” portalının müvafiq bölməsinə ünvanlanaraq, “chekhabar1234” və “Persian Song” adlı kanallarında, eləcə də digər kanallarda “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib. Azertac