Pandemiya səbəbilə məzuniyyətə buraxılan Yusuf Kari Ərdəbil həbsxanasına qaytarılıb
Covid-19 pandemiyası səbəbilə məzuniyyətə buraxılan türk fəal Yusuf Kari həbs müddətini tamamlamaq üçün yenidən Ərdəbil həbsxanasına göndərilib.
Siyasi fəal keçən mart ayının 31-də mülki zəmanət qarşılığında müvvəqəti azadlığa buraxılmışdı.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, o, may ayının 21-də iki illik həbs müddətini tamamlamaq üçün həbsxanaya qaytarılıb.
Ərdəbil məhkəməsi daha əvvəl Yusuf Karini “milli təhlükəsizliyi pozmaq məqsədilə sözdə milli-mədəni qruplara üzv olub və davamlı şəkildə onların toplantılarına qatılmaq” ittihamı ilə 2 il həbsə məhkum edib.
Keçən mart və aprel aylarında koronavirusun İran həbsxanalarında yayılmasını önləmək məqsədilə ölkənin müxtəlif vilayətlərində məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır.
Həmin istiqamətdə İran Azərbaycanı və Tehranda həbsdə olan bəzi türk fəallar müvəqqəti azadlığa buraxılsa da, Abbas Lisani, Lətif Həsəni və Tovhid Əmir-Əmini kimi fəallara məzuniyyət haqqı verilmədi.
Mart ayının 11-də İran Azərbaycanı və Tehranda fəaliyyət göstərən bir qrup milli fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkdilər.
VOA