Koronavirus beyinə də keçə bilir: zədələnən sinir sistemi, pozulan həzm sistemi və digər fəsadlar
“Covid-19” xəstəliyi sadəcə tənəffüs yollarının infeksiyası deyil. Araşdırmalar göstərir ki, koronavirusa yoluxanların böyük qismində həm də sinir sistemi zədələnib.
Virusun sinir hüceyrələrinə təsiri hələ öyrənilməyib, ancaq alimlər onların arasında hansısa formada əlaqə olduğuna şübhə etmirlər: dad və iy bilmək hisslərinin itməsi hələ mart ayının ortalarından “Covid-19”-un əlamətlərindən hesab olunur.
Bundan başqa, virus gənzikdən birbaşa beyinə də keçə bilir və bu, demək olar ki, bütün orqanların fəaliyyətinə təsir edən fəsadların yaranmasına gətirib çıxarır.
Bunun nəticəsində yarana biləcək yan xəstəliklərin siyahısı çox uzundur: həzm problemindən və damar tıxanmalarından tutmuş ürək çatışmazlığına və ensefalitə (beyin iltihabı) qədər.
Çoxüzlü virus
Epidemiyanın başlamasından artıq dörd ay keçsə də, alimlər “SARS-CoV-2” virusu haqqında elə də çox şey bilmirlər.
İnfeksiyayla bağlı ümumi mənzərə elmi jurnallarda dərc olunan yüzlərlə məqalə sayəsində yaranır – dünyanın müxtəlif ölkələrində koronaviruslu pasientləri müalicə edən həkimlər həmin məqalələrdə öz təcrübələrini bölüşürlər.
Nəticədə “Covid-19” xəstəliyinin mümkün əlamətlərinin sayı (Artıq 10-dan çox əlamət var) artır, virusun digər orqanlardakı fəsadlarıyla bağlı təsəvvürlərimiz genişlənir.
Sinir sisteminin zədələnməsi digərləriylə müqayisədə daha çox rast gəlinən haldır. Həm Fransada, həm də Çində aparılmış araşdırmalar zamanı aşkar edilib ki, nevroloji simptomlar bu və ya digər səviyyədə xəstələrin üçdə birində müşahidə olunur.
Bu yeni infeksiya çoxtərəfli və hətta individual təzahürləriylə digərlərindən fərqlənir.
Həkimlərin “Covid-19” xəstələrində rast gəldiyi fəsadlar arasında mədə-bağırsaq, ürək və qanın laxtalanması problemləri də var.
Üstəlik, virus sinir sitemini də müxtəlif cür zədələyir və bu heç də həmişə müvəqqəti xarakter daşımır.
Məsələn, indiyə qədər bəzi pasientlərdə ensefalit və “Giyen Barre sindromu” müşahidə olunub. Bu, pasientin immun sisteminin öz hüceyrələrinə hücum etməsi deməkdir və əzələ zəifliyinə, daha ağır hallarda isə iflicə gətirib çıxarır.
Son iki həftədə Amerika həkimlərini narahat edən hallar baş verib: koronavirus xəstələrinin beşində işemik insult qeydə alınıb; üstəlik, nisbətən cavan adamlarda (50 yaşa qədər) və “Covid-19”-un digər əlamətləri olmadan.
İlkin məlumatlara görə, koronavirusun fəsadı olaraq həmin şəxslərin iri damarlarında qan laxtaları əmələ gəlib və bu, beyindaxili qan dövranının ciddi şəkildə pozulmasıyla nəticələnib.
Ancaq nevroloji pozuntular əsasən ağır xəstələrdə müşahidə olunur və bəzən bu əlamətlər xəstələr sağalandan sonra da qalır.
Nə üçün fəsadlar bu qədər müxtəlifdir?
Sinir sisteminin fəaliyyətini virus həm dolayı yolla – immun sisteminin hədsiz aktivləşməsi (“sitkoin fırtınası”) nəticəsində, həm də birbaşa təsir edə bilir.
Koronavirusdan vəfat edənlərin beynində də virus hissəcikləri aşkar edilib. Hesab olunur ki, infeksiya burundakı olfaktiv reseptorlar vasitəsilə, nəfəs yollarından keçməklə ora yol tapır.
Bu, yeni koronavirusun unikal xüsusiyyəti deyil. Beyində anoloji iltihabı digər viruslar, o cümlədən, qrip və qızılca virusları da yarada bilir və nadirən də olsa, bu hallar da nevroliji xəstəliklərlə nəticələnir.
Hərçənd “Covid-19” xəstəliyində vəziyyət daha mürəkkəb olur. Birincisi, virusa yoluxanların sayı artıq 3 milyona yaxınlaşır və deməli, nadir hallar da sayca çoxdur. İkincisi isə virus beyinə düşəndən sonra yoluxmaq, demək olar ki, qaçılmazdır: beyin hüceyrələrinin üst səthindəki “ACE2” membran reseptoru vasitəsilə asanlıqla onlara nüfuz edən virus iltihab yaradır.
Bu reseptor qan damarlarının içəri səthini örtən hüceyrələrdə də var. Ağır hallarda virus tənəffüs orqanlarından ümumu qan axınına daxil olur və bu, koronavirus xəstələrinin üçdə birində qan laxtalanması fəsadıyla nəticələnir.
Qana keçən virus istənilən başqa orqana, o cümlədən, beyinə də düşə bilir. Ancaq son məlumatlara görə, yoluxanların, demək olar ki, yarısında “Covid-19” xəstəliyinin hər hansı əlaməti müşahidə olunmur.
Virusun ayrı-ayrı insanlara bu qədər fərqli təsir etməsinin səbəbini öyrənmək üçün Britaniya həkimləri bir neçə min eyni yumurta əkizi üzərində təcrübə aparıblar.
İlkin məlumatlara görə, infeksiyanın ağırlıq dərəcəsi, bir çox əlamətləri və hətta yoluxma ehtimalı da ciddi dərəcədə genetik faktorlardan, yəni irsi xüsusiyyətlərdən asılıdır.
BBC