Fransa: maska və niqab, qadağa və məcburiyyət arasında
2010-cu ildə Fransada “ictimai yerlərdə üzün gizlədilməsini qadağan edən qanun qəbul olunub. Qanun əslində “anti-burqa”, yəni müsəlman örtüyü olan niqab əleyhinə qanun adlanır. Bu qanundan 10 il sonra isə COVID-19 pandemiyası fransızları bu qanunun əleyhinə hərəkət etməyə məcbur edib.
Nikola Sarkozinin mandatı dövründə qəbul olunmuş “anti-burqa” qanunu ətrafında polemika getdikcə daha da dərinləşir. Bu polemikanın mənbəyi də Atlantik okeanının Qərb sahilindən gəlir.
Fransa qanununa görə “anti-burqa” qanunu pozanlar 35 avro cərimə ödəməlidir. Ancaq bu gün virusdan qorunmaq məqsədi ilə ağzı örtən maska taxmaq ictimai yerlərdə məcburi xarakter daşıyır və onu taxmayanlar isə 135 avro cərimə ödəməlidirlər. Bir tərəfdən qadağa, digər tərəfdən isə məcburiyyət.
Bəzi fransız vəkilləri hesab edirlər ki, 2010-cu il qanunu problem yarada bilər. Çünki həmin qanunun mətni ümumi şəkildə yazılıb və dəqiqləşdirmələr yoxdur.
“Dövlət şizofrenikdir. Üzü gizlətməyi qadağan edən mətnin qəbulu ilə dövlət öz ikiüzlülüyünü gizlədir. Əslində, o qanunun qəbul edilməsində məqsəd İslam örtüyünə qarşı mübarizə aparmaq idi. Amma bu qanunda konkret yazılmamışdır. Bu gün isə bizi maska taxaraq üzümüzü gizlətməyə məcbur edirlər, halbuki bu qanunla qadağandır”, -deyə vəkil Lui lö Fuaye dö Kostil hesab edir.
“Bütün hüquqşünaslar yaxşı bildirdilər ki, dini rəmzləri hədəfə almaqla iş keçməyəcək, ona görə də onlar bundan istifadə etdilər”,-deyə vəkil yenə də tətbiqi qəribə görünən bu qanuna toxunur.
Həqiqətən də, “niqab əleyhinə” ləqəbli 2010-cu il qanunun mətnində örtük və dini rəmzlər barədə heç bir məlumat verilmir. “Heç kim ictimai yerlərdə üzü gizlətməyə yönələn paltar geyinə bilməz”, -deyə qanunun 1-ci maddəsində yazılıb.
Bəzi hüquqşünaslar isə hesab edirlər ki, maska taxmaq məcburiyyəti sanitar vəziyyətdən irəli gəlir və bu istisna halda ola bilər. “Baş Nazir və ya parlament sanitar səbəb ilə əsaslandıraraq, ictimai yerlərdə üzün gizlədilməsini məcbur edə bilər”,-deyə bəzi vəkillər də bu haqda fikirlərini bölüşüblər.
“Maska taxmağı məcbur, niqabı qadağan etməklə Fransa ksenofobiya və islamofobiyasını aydın göstərmiş olur”,-deyilən fikirlərdə az deyil. Beynəlxalq səviyyədə bu fransız qanunu ilə bağlı tənqidi fikirlər geniş yer alıb.
Multikultural cəmiyyət təşəbbüskarlarından olan London Universitetinin fransız politoloqu Filip Marliyer bildirib: “Vashington Post”u oxuyun və hökumətin şizofreniyasını görün: niqab geyən qadın onu çıxarmalı və cərimə ödəməlidir. Mayın 11-dən isə qadın niqabı çıxarıb dərhal üzünü maska ilə örtməlidir, əks təqdirdə o, başqa bir cərimə ödəməli olacaq”.
Bu mövzu ilə bağlı yazılan məqalələr və söylənilən fikirlər bir nəticə çıxarmağa imkan verir: Fransa ksenofobiya və islamofobiyasını gizlətməyə çalışsa da, bəzən elə özü bu xüsusiyyətlərini açıb göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri