Şahin Xiyavlı: Basqıların əsas səbəbi İran hakimiyyətinin türk dilinə baxışıdır
Son vaxtlar İranın məhkəmə və təhlükəsizlik quurumlarının xüsusilə Tehran vilayətində fəaliyyət göstərən türk fəallar və naşirlərə qarşı tətbiq etdiyi basqılar artmaqdadır.
Ötən həftələrdə Tehranda türkcə kitab nəşr edən “Əndişə-i Nov” nəşriyyatının kitab mağazası, habelə Təkderəxt (TakDerakht) nəşriyatının qapadılıb, sahibi Ehsan Şükrxudayinin həbs edildiyinə dair xəbərlər yayılıb.
Həmçinin dil haqları fəalları Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Tehranda 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum edilərkən, Əlirza Fərşi və hüquq müdafiəçisi Əkbər Nəimi nəzarət altına alınıblar.Şahin Xiyavlının sözlərinə görə, “İranın tamamında etirazların həyata keçirildiyi şəhərlərdə tutulanlar olur. Bu tutulanların içində ola bilər ki, türk fəallar da olsun. Və ya türk olub, amma milli fəaliyyəti olmayan insanlar da olsun. Amma, bunun xaricində türklərə qarşı hər zaman özəl bir basqı da var. İranda etirazların hansı formada olduğuna baxmayaraq hakimiyyətin türklərə qarşı bu mövqeyi sabitdir.”
O, xüsusilə Tehranda İran hakimiyyətinə qarşı yenidən vüsət alan etirazlara diqqət çəkərək deyir ki, “belə durumlarda xüsusilə keçmişdə tutulub mühakimə olunan aktivistlərin dosyesi aktivləşdirilir. Bir də ki, meydan hərəkatlarında potensial olaraq effektiv olan fəalları həbs edərək, İran rejimi bu bölgələrdə daha ciddi və böyük etirazları önləmək üçün tədbir alır.”
Dil haqları müdafiəçiləri və naşirlərə qarşı tətbiq edilən basqıları önə çəkən Xiyavlı hesab edir ki, İranda hakimiyyət və digər siyasi qrupların türk dili və kimliyinə qarşı mənimsədikləri “təhlükəsizlik baxışı” mövcud olduğu müddətdə bu basqılar da davam edəcək.
“Bu basqılara və tutulanlara baxanda bunların hamısının ortaq məxrəci türk dilidir… İranda Rza Şahın hakimiyyətə gəlməsi ilə qurulan sistem bu dili hədəf almışdır. Həmin sistemin fərqli versiyası indi İranda davam edir. Yəni əsas məsələ türkcəyə olan təhlükəsizlik baxışıdır. Bu baxışın var olduğu müddətcə, elə bu basqı, həbs və işgəncə də davam edəcək,” hüquq müdafiəçisi ifadə edir.
“Tehranda böyük bir türk nüfusu var və Tehran 90-cı illərdən son zamanlara qədər milli hərəkatın qalalarından birisi olmuşdur. O illərdən bəri biz Tehranda tələbə hərəkatını və tələbələrin təşkil etdiyi tədbirləri görürük. Elə bu qapadılan Əndişə-i Nov kitab evi həmin illərdən bəri Tehrandakı türk aktivistlərin düşüncə mərkəzi kimi rol oynamışdır,” Şahin Xiyavlı əlavə edir.