Şərqi Azərbaycan vilayətində İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulduqdan sonra 20 günə yaxındır nəzarətdə saxlanılan siyasi fəal Yürüş (Ayət) Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəyli Amerikanın Səsinə danışıb
Yılmaz Mehrəlibəyli: Qardaşım Yürüşü həbslə susdurmağa çalışırlar, amma o yoluna inanır, biz də arxasındayıq!
Yılmaz Mehrəlibəyli qardaşının bundan əvvəlki həbs və basqılara rəğmən “səssiz qalmadığı kimi bundan sonra da səssiz qalmayıb və mübarizəyə davam edəcəyini” vurğulayıb.
“Yürüş keçmişdəki həbslərdən sonra da etiraz etməyə, məqalə yazmağa davam edib. Mərasimlərə qatılıb. Onlar bilir ki, Yürüş heç zaman sakit qalmayıb. Bilirlər ki, ən ağır cəzanı versələr, yenə səssiz qalmayacaq. Onlar çalışır ki, fərqli metodlarla onu susdurub və ya elə eləsinlər ki, İrandan çıxsın. Ancaq, bu heç zaman olmayacaq. Yürüş öz yoluna inanır və biz də ailəsi olaraq, tayfası olaraq həmişə arxasında varıq,” siyasi məhbusun qardaşı söyləyib.
Yürüş Mehrəlibəyli noyabrın 7-də Culfa şəhərində saxlanılıb. Ona, nəzarət altına alındığı gündən bəri sadəcə bir dəfə ailəsi ilə qısa telefon söhbəti üçün imkan verilib.
Yılmaz Mehrəlibəylinin sözlərinə görə, “qardaşım Culfa şəhristanının Ələmdar-Gərgər şəhərində bir maşın təmirçisi önündə əli silahlı məmurlar tərəfindən tutulub. Biz tutulduğuna dair xəbəri neçə saat sonra aldıq. Orada hadisəni görən şəxslər gəlib dedilər. Ona görə, biz nigaran idik. Harada olduğundan xəbərsiz idik. Bu günə qədər də sadəcə bir dəfə, bir həftə tutulduqdan sonra zəng edib və həyat yoldaşı Sona xanımla kef-əhval həddində danışıb.”
Yürüş Mehrəlibəylidən öncə sentyabr ayında nəzarət altına alınan türk fəallar, o cümlədən Murtuz Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti dəfələrlə uzadılıb. Hüquq müdafiəçiləri onların saxta etiraf vermək məqsədilə basqı və işgəncəyə məruz qaldıqlarından narahat olduqlarını bildiriblər.
Hüquq müdafiə qurumları həmçinin ailələrin yaxınları ilə bağlı məlumat yaymamaq üçün İranın məhkəmə və təhlükəsizlik qurumları tərəfindən təhdid və təzyiqlərə məruz qaldıqlarını qeyd edirlər.
Yürüş Mehrəlibəylinin ailə üzvləri keçən təqribən 20 gün ərzində onun həbsinə etirazlarını açıq şəkildə ortaya qoyublar. Yılmaz Mehrəlibəyli hesab edir ki, həbsdə olan türk fəalların yaxınları bütün basqılara rəğmən media və hüquq müdafiə qurumlarına məlumat verməyə davam etməlidirlər.
“Tutulan fəalların bəziləri birinci dəfədir tutulurlar və ailələrin ola bilər ki, təcrübəsi olmasın bu xüsusda. Amma, Yürüş öncədən də təqribən 6 dəfə tutulub, həbs olunmuşdu. Ona görə, təcrübə əsasında biz düşündük ki, səssiz qalmayaq… Məhbusun içəridə əli bağlıdır. O üzdən, burada vəzifə düşür ailələrin boynuna və eşikdə olan dostlara. İranda və ya İran xaricində olan dostlar. Birinci ailənin vəzifəsidir ki, xəbər yaysın, səssiz qalmasın və məlumatı mediaya və qurumlara çatdırsın. Biz o zaman məhbusa yardım edə bilərik ki, onun səsini eşikdə yayaq,” Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan Yılmaz Mehrəlibəyli əlavə edib.
O, müsahibədə həmçinin qardaşının keçən 20 ildən artıq müddətdə göstərdiyi fəaliyyətlər, eləcə də məruz qaldığı həbs, mühakimə və digər basqılar haqqında ətraflı məlumat verib.