Urmiyə gölü məhv olmaq təhlükəsi qarşısındadır
Son həftələrdə Urmiyə gölünün kritik vəziyyəti ilə bağlı İranın dövlət mediası ilə yanaşı müxalif mediada da çoxlu xəbər, reportaj və məqalələr dərc olunub.
Mütəxəssislərin və ekoloji fəalların açıqlamalarına əsasən, Zab çayından suötürücü tunelin açılmasına baxmayaraq, göl payıza qədər tamamilə quruya bilər.
Yarı-rəsmi İSNA xəbər agentliyi Qərbi Azərbaycan valiliyinin tikinti işləri üzrə müavini Yasir Rəhbərdinə istinadən gölün suyunun həcminin 1,360 milyard kubmetr olduğunu bildirib.
Şərif Texnologiya Universitetinin apardığı yeni araşdırmanın nəticələrinə görə, hazırda göldəki su həcmin son 60 ilin ən aşağı səviyyəsindədir.
Urmiyə Universitetinin Təbii Sərvətlər Fakültəsinin akademik heyətinin üzvü doktor Hisam Əhmədi Birgani gölün hazırkı vəziyyəti və quruması ehtimalı ilə bağlı Jamejamonline saytı ilə söhbətində bildirib ki, “gölə daxil olan su miqdarı dəyişmədiyi təqdirdə, yayın sonuna qədər gölün tamamilə quruması ehtimalı var.”
Akademiklərin son dedikləri və elmi araşdırmaların nəticələrinə baxmayaraq, İbrahim Rəisi hökumətinə yaxın media, o cümlədən İRNA, Tasnim və Fars xəbər agentliyi hökumətin addımları ilə bağlı xəbərləri əks etdirərək, gölün hazırkı vəziyyətindən fərqli bir mənzərə təqdim edirlər. Məsələn, Fars xəbər agentliyi Urmiyə kanalizasiya təmizləyici qurğusunun üçüncü hissəsinin açılışı və gölə illik 51 milyon kubmetr suyun nəqlinin təmin edilməsi ilə bağlı xəbər dərc edərək yazıb ki, “Son günlərdə Urmiyə gölündən yayımlanan fotolar ölkə əhalisi arasında sevincə səbəb olub”.
Mütəxəssislər İran hökuməti tərəfindən gölə su nəqli layihələrinin, o cümlədən Zab çayından gölə hər il 300 milyon kubmetr su ötürən su nəqli tunelinin istifadəyə verilməsininin çox əhəmiyyətsiz olduğunu və gölün ən az illik bir milyard kubmetr su ilə təmin olunmalı olduğunu irəli sürürlər. Urmiyə gölünün təqribən 25 milyard kubmetr su itirdiyi bildirilir.
“Urmiyə gölünün tam canlandırılması artıq mümkün deyil”
Bəzi ekoloji ekspertlər, o cümlədən Nasir Aq “Hamshahrionline” agentliyi ilə söhbətində gölə ötürülən suyun miqdarını “çox cüzi” qiymətləndirir. O, hesab edir ki, gölün vəziyyəti o həddə çatıb ki, “başqa tədbirlər görülsə belə, tam canlandırma mümkün olmayacaq”.
Ətraf mühit üzrə tədqiqatçı və Urmiyə Universitetinin müəllimi Nasir Aq gölün iki ayrı hissəyə bölünməsi şərtilə” gölün yalnız yarısının xilas edilməsinin mümkün olduğuna inanır.
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri də bazar günü, iyulun 16-da “Etemad” qəzeti ilə müsahibəsində “bu gölün ölümünün yaxınlaşdığını” irəli sürüb, və deyib ki, “Heç bir şey edilmir və hər şey özbaşına buraxılıb. Şübhə yoxdur ki, qarşıdan heç bir şəkildə önü alına bilinməyən ekoloji fəlakət gəlir və Azərbaycan xalqı prezidenti məsuliyyətə cəlb etməlidir və buna göz yuma bilməz”.
Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəsmisi olan Kəlantəri dövlət məmurlarının Urmiyə gölü ilə bağlı “yalan danışdığını” iddia edərək, gölün hazırkı həcminin 700 milyon kubmetr olduğunu iddia edib. “Yayın sonuna qədər göldə su olmayacaq və göl yəqin ki, bataqlığa çevriləcək” -deyə o əlavə edib.
Urmiyə gölü ilə bağlı İran Azərbaycanında fəallıq artır
Son həftələrdə ətraf mühit fəalları və güneyli milli fəallar gölün vəziyyəti və onun tamamilə qurumasının ağır nəticələri ilə bağlı ictimai rəyi həssaslaşdırmaq üçün şəhərlərdə, eləcə də sosial mediada fəaliyyətə başlayıblar.
İctimai rəyi cəlb etmək və insanların gölün qurumasının ekoloji fəlakətinin nəticələrinə qarşı həssaslığını artırmaq məqsədilə sosial şəbəkələrdə #saverumialake həştəqi ilə kampaniya başladılıb.
Milli fəallar gölün qurumuş ərazilərindən video-görüntülər hazırlayır və gölün tamamilə qurumasının nəticələri barədə insanları məlumatlandırmaq üçün səsli mesajlar paylaşırlar.
Son həftələrdə İran Azərbaycanının şəhərlərində divarların yazılması, gölün vəziyyəti ilə bağlı məlumatların yer aldığı afişaların nəşri və küçələrdə quraşdırılması da həyata keçirilən fəaliyyətlər sırasındadır.
VOA