Şərqi Azərbaycanda hicab qaydalarına görə iş yerlərinin möhürlənməsi davam edir
Şərqi Azərbaycan polisi Şərqi Azərbaycan vilayətində 7 iş yerinin möhürləndiyini və 9 avtomobilin müsadirə edildiyini açıqlayıb.
İran mətbuatının yayımladığı məlumata görə, Şərqi Azərbaycan Polisinin komandiri Hüseyn Əbdi vilayətdə “hicab qaydalarını pozmaqla mübarizə planı” çərçivəsində 7 iş yerinin möhürləndiyini və 9 avtomobilin müsadirə edildiyini bildirib.
Əbdi, həmçinin İran mediasına bildirib ki, hicabsızlıqla mübarizə planının əvvəlindən hicab qaydalarına əməl etməyən yüzlərlə avtomobilinin sahiblərinə xəbərdarlıq mətnləri göndərilib.
İran hökuməti avtomobillərdə də baş örtüyü qaydalarına əməl etməyən qadınlarla mübarizə üçün avtomobillərin sahiblərinə xəbərdarlıq etməyə başlayıb.
Şərqi Azərbaycan Polis Komandiri, həmçinin polis qüvvələrinin 1300-dən çox iş yerinə baş çəkdiyini və bu saydan 65 iş yeri sahiblərinin telefonlarına SMS göndərildiyini, xəbərdarlıqlara baxmayaraq hicab qaydalarına əməl etməməyə davam edən 7 iş yerinin möhürləndiyini açıqlayıb.
İranın polis rəisi daha əvvəl hicab qaydalarına riayət etməyənlərlə mübarizə planının şəhərlərin müşahidə kameraları vasitəsi ilə aprelin 15-dən etibarən həyata keçiriləcəyini bildirmişdi.
İran polisi bildirir ki, hicaba qarşı şəhərlərdə müşahidə avadanlığı ilə mübarizə aparacaqlar və bu planda heç bir fiziki qarşıdurma yoxdur.
Məhsa Əmini adlı gənc qadının məcburi hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi qüvvələri tərəfindən həbs edildikdən sonra bu qüvvələrin zorakılığı nəticəsində sentyabrın 16-da həyatını itirməsi İranda xalqın 3 aydan çox müddətində hakimiyyətə qarşı davamlı etiraz aksiyaları keçirməsi ilə nəticələnmişdi.