Azərbaycanında müəllimlər etiraz aksiyası keçirib
Redaksiyamıza gələn məlumata görə Tehran, Robatkərim, Məlayer, Kirmanşah, Əhvaz və Neyşabur kimi şəhərləri ilə birlikdə, Azərbaycanının Urmiyə, Həmədan və Kərəc şəhərlərində müəllimlər Təhsil İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Nəşr edilən məlumata görə, təhlükəsizlik qüvvələri Kərəc şəhərində müəllimlərin Əlborz vilayətinin Təhsil İdarəsinin qarşısındakı yığıncağına müdaxilə edərək bu sinfin etiraz aksiyasının qarşısını alıb.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurası bundan əvvəl aprelin 6-na müəllimləri etiraz mitinqi keçirmək üçün çağırış bəyanatı yayımlamışdı. Bu çağırış “səlahiyyətlilərin, o cümlədən hökumətin, parlament üzvlərinin və təhsil nazirinin son zamanlar müəllimlərə qarşı hərəkətlərinə” etiraz olaraq verilib.
İranda pisləşən həyat şəraiti və müəllimlərin maaşlarının vaxtında və tamamilə ödənməməsi və ümumiyyətlə son illərdə ölkədə həm tələbələr həm də müəllimlər baxımından təhsilin keyfiyyətinin aşağı düşməsi kimi amillər müəllimlərin son vaxtlarda tez-tez etiraz mitinqi keçirməsinin səbəbləri arasındadır.
Həmçinin dərc olunan xəbərlərdə ölkənin müxtəlif şəhərlərində bəzi müəllimlərin həbsinin və onlara qarşı təzyiqlərin davam etdiyi bildirilir.