Sədrəddin Soltan: İran Azərbaycanla diplomatik gərginliyi artırmaq üçün bütün addımları atır
“Çünki Azərbaycan İrandakı azərbaycanlıların milli haqlarının müdafiə etməklə bağlı bəyanat verib və bunu xarici siyasətində prioritet sayır. İsrail ilə münasibəti Səudiyyə Ərəbistanı da qurur. İran isə Səudiyyə Ərəbistan ilə münasibətlərin qurulması istiqamətində canfəşanlıq göstərir. Odur ki, İsrail-Azərbaycan münasibətlərinin dərinləşməsi, diplomatik əlaqələrin genişlənməsi başlıca mövzu deyil. İran Azərbaycanla diplomatik münasibətləri kəsmək üçün müxtəlif bəhanələr axtarır. Parlamentarilərin qəbul etdiyi bəyanat onlar üçün əsas ola bilər” , ekspert deyib.
Onun sözlərinə görə, İran Azərbaycanla diplomatik gərginliyi artırmaq üçün bütün addımları atır.
“Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu, Azərbaycanın Təbrizdəki Baş konsulluğu qarşısında “Hüseyniyyun” adlı təşkilatın adından etiraz aksiyasının keçirilməsi kimi məsələlər İranın Azərbaycanla diplomatik münasibətlərinin gərginləşdirilməsindən xəbər verir. Bu həm də Təbrizdəki Konsulluğa qarşı aksiya, Təbrizdəki Konsulluğun əməkdaşlarının perspektivdə persona non-qrata elan olunmasına zəmin yaradır. Hesab edirəm ki, parlamentin deputatlarının bəyanatı bunun üçün bir müraciətdir. Başqa sözlə İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Konsulluğunun fəaliyyətinə problem yaratmaq, yaxud onların fəaliyyətini azaltmaq, və ya konsulluğun işçilərini, diplomatlarını ölkədən çıxarmaq üçün parlament üzvlərinin bəyanatını əsas götürəcək ” , o qeyd edib.
Xatırlatma
Aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.
IRNA agentliyinin məlumatına görə, onlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb.
Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.
“Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar. İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb”, məlumatda deyilir.
İranın Xarici İşlər Nazirliyinə bütün islam ölkələrinə müvafiq müraciət göndərmək təklif edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı hələlik rəsmi açıqlama verməyib.
İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlarını davam etdirməkdədir. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.
İranın Azərbaycandakı səfirinə Xarici İşlər Nazirliyinə çağırılaraq cavab notası təqdim edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib ki, İranın Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış notası ilə əlaqədar İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.
Martın 31-də Azərbaycan Xarici İşlər Nazirliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri zamanı səsləndirilən bəyanatlarla bağlı iddialarına etiraz edib.
Azərbaycan Xarici İşlər Nazirliynin (XİN) rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib ki, Bayramov İsraildə keçirilən mətbuat konfransında İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə Bakıda İran XİN-in nümayəndəsinin bəyanatı növbəti “anti-Azərbaycan addımı” kimi qiymətləndirilir.
İsrailin xarici işlər naziri Elli Kohen martın 29-da Tel-Əvivdə Azərbaycanın XİN başçısı Ceyhun Məmmədovla birgə mətbuat konfransında İranı regionu təhdid altında saxlamaqda və terrora dəstək verməkdə ittiham edib.
“Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik” , Kohen bildirib.
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan hakimiyyətini İran əleyhinə bu yaxınlarda səslənən ifadələr və İsrail rejimi ilə Tehrana qarşı formalaşdığı ehtimal olunan vahid cəbhə ilə bağlı açıqlama verməyə çağırıb.
İran rəsmisinin Azərbaycanın ünvanına səsləndirdiyi fikirləri qətiyyətlə pisləyən Ayxan Hacızadə bu növ bəyanatların iki ölkə arasındakı münasibətləri böhran vəziyyətinə saldığını bildirib.
“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”, Hacızadə qeyd edib.
Onun sözlərinə görə, əksinə – son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir.
“Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatların verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsini və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini göstərmək olar”, Hacızadə deyib.
O əlavə edib ki, Tehranın təhdidləri Azərbaycanı qorxuda bilməz və Azərbaycan “hər hansı bir təcavüzün və təxribatın” qarşısını almağa qadirdir.