İbrahim Əhmədpur Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb
Azərbaycanlı mədəni fəal və Təbriz Universitetinin siyasi elmlər üzrə magistr öyrəncisi İbrahim Əhmədpur məhkəməyə qədər Təbrizin Mərkəzi Həbsxanasından qirov qarşılığında sərbəst buraxılıb.
Bu vaxta kimi xəbərin təfərrüatları və bu Azərbaycanlı öyrəncinin ittihamı ilə bağlı ətraflı məlumat yoxdur.
İbrahim Əhmədpur 27 Fevral 2023-də Doğu Azərbaycan Kəşfiyyat və Təhlükəsizlik Polisinə çağırıldıqdan sonra həbs edilmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı terror aktı ilə bağlı Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin səhifəsində yazı dərc edildikdən sonra təhlükəsizlik qüvvələri Təbriz Universitetinin öyrənci fəallarına təzyiqlər edərək bu mərkəzin fəaliyyətini dayandırıblar.
2019-cu ildə Təbriz Universiteti tələbələrinin yanacağın qiymətinin artırılmasına etirazından sonra Əhmədpur intizam komitəsinə çağırılıb və bir semestrlik fəaliyyəti dayandırılmışdı. Ancaq bu hökm bir müddət sonra ləğv edilmişdi.