Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti dayandırılıb
Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb.
Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da axşam saatlarında xüsusi təyyarə reysi ilə Bakıya gətirilib. Ümumilikdə 53 nəfərin təxliyə edildiyi bildirilir.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi də həmin təyyarə ilə gətirilib.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, səfirliyin fəaliyyəti diplomatik missiyanın və onun əməkdaşlarının təhlükəsizliyi ilə əlaqədar olaraq dayandırılıb.
“Hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur. Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”, xarici işlər nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, səfirlikdə diplomatik nümayəndəliyin inzibati binasının və əmlakının mühafizəsi üçün beş əməkdaş qalıb.
“Lakin onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, Xələfov vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirir.
“Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər. Təbrizdəki baş konsulluğumuzun mühafizəsi, orada çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin üzərinə düşür. Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalı, bu öhdəliklər çərçivəsində müvafiq tədbirləri görməlidir”, nazir müavini qeyd edib.
Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi silahlı şəxsin mühafizəçini güllələyərək öldüməsi və daha iki nəfəri yaralamasından iki gün sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailələrinin yanvarın 29-da İrandan evakuasiya edildiyini bildirib. Rəsmi Bakı hücumu “terror aktı” adlandırdırıb.
Yanvarın 27-də silahlı şəxs səfirliyin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın faktı ilə bağlı araşdırma aparılır.
Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.