Tehranda türk dili müəllimi Məhəmməd Cavad Tərbiyət beş il həbsə məhkum edilib
Keçən sentyabr ayında İrandakı ümummilli etirazların ilk günlərində Tehranda həbs edildikdən bəri nəzarətdə saxlanılan universitet tələbəsi və türk dili müəllimi Məhəmməd Cavad Tərbiyətin beş il həbs cəzasına məhkum edildiyi bildirilir.
Iran Wire xəbər saytı, habelə AHRAZ və Ərk kimi hüquq müdafiə təşkilatları bu barədə məlumat yayıblar.
Tərbiyət keçən ilin sentyabr ayında bir gənc qadının Tehran əxlaq polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran geniş etirazların ilk günlərində Tehranın Vəliəsr küçəsində tutulub. O, tutulmadan əvvəl iş və ya təhsil üçün Türkiyəyə getmək istəyənlərə türkcə dərsi verirdi.
Məhəmməd Cavad Tərbiyət nəzarət altına alındıqdan təqribən 40 gün sonra İran televiziyasının etirazlarda tutulanların məhkəməsindən yayımladığı videoda görünüb.
Məhəmməd Cavad Tərbiyətin vəziyyəti ilə bağlı narahatlıqlar artır
Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi Tərbiyəti “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbsə məhkum edib. O, siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarmaqda məşhur olan hakim Əbülqasim Salavati tərəfindən mühakimə edilib. Salavati təqribən 3 il əvvəl ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.
Iran Wire Tərbiyətin həbs və mühakimə müddətində vəkillə təmin olunmadığını bildirib.