Ned Prays: ABŞ stabil Qafqaz regionu görmək istəyir
“Biz stabil Qafqaz regionu görmək istədiyimizlə bağlı marağımızı açıq ifadə etmişik”.
Bu açıqlamanı oktyabrın 24-də brifinqdə Turan agentliyinin müxbirinin “Ötən həftə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi ki, bu, Azərbaycanda müəyyən narahatlıqlara səbəb oldu. Bununla bağlı şərhiniz varmı?” sualına cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verib.
“Mənim bununla bağlı konkret şərhim yoxdur. Təbii ki, stabil bir Qafqaz regionu görmək istəyirik və bununla bağlı marağımızı açıq ifadə etmişik. Biz bu regionda – Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq, eyni zamanda, istənilən daha böyük gərginliklərin olmaması üçün bu ölkələrlə çalışırıq,” Ned Prays qeyd edib.
İranın oktyabrın 17-19-da Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Azərbaycanda tənqidlərlə qarşılanıb. Belə ki, ölkə televiziyalarında, sosial şəbəkələrdə çoxsaylı insanlar İranın təlimlərinin Azərbaycana qarşı yönəldiyini bildirib.
İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) quru qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib ki, üç gün davam edən hərbi təlimdə texnika və silahların daşınması məqsədilə Araz çayı üzərində ilk dəfə olaraq səyyar körpü quraşdırılacaq.
“Təlimlərdə Araz çayı üzərində körpünün quraşdırılması, rabitə yollarının ələ keçirilməsi və nəzarətə alınması, hündürlüklərin ələ keçirilməsi və məhvetmə məqsədilə hücumedici taktikaların məşqi nəzərdə tutulur,” o qeyd edib.
Təlimin coğrafi əhatəsinin Azərbaycan Respublikası ilə sərhəd olan Ərdəbil və İranın Şərqi Azərbaycan vilayətlərinin bütün sərhəd zolağı olduğu bildirilir.