Təbrizdə Azərbaycanın talanını dayandırın başlığı ilə vərəqələr dağıdılıb
Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində azərbaycanlı milli fəallar İran Azərbaycanın sərvətlərinin və mədənlərinin “talan edilməsinə” etiraz edən vərəqələr dağıdıblar.
Sosial mediada paylaşılan xəbərə görə, azərbaycanlı milli fəalların Təbrizdə yaydıqları broşürda “Azərbaycanın sərvətlərinin və mədənlərinin talanması”, “milli fəalların hökumət tərəfindən həbs edilməsi”nə etiraz edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə broşürda Şərqi Azərbaycanın keçmiş valisi vilayətin Süngün mis mədəninin sərvətlərindən bəhrələnməməsi ilə bağlı açıqlamalarının yer aldığı göstərilib.
Şərqi Azərbaycanın keçmiş valisi Məhəmməd Rza Purməhəmmədi ötən ilin iyun ayında Fars Xəbər agentliyinə verdiyi müsahibədə Süngün mis mədənindən hasil edilən xam mineralların satışı ilə bağlı demişdi ki, “Hər gün Vərziqandan Kirmana 50 milyard tümən mis konsentratı gedir; eyni pullar vilayətin özündə qalsa, bura cənnət olar”.
Bu broşürda İranın keçmiş valisinin sözlərinə istinad edərək, İran Azərbaycanın resurslarının İranın mərkəzi hökuməti tərəfindən “talan edilməsi” tənqid olunur.
İran İslam Respublikası hökuməti tərəfindən azərbaycan milli mədəni fəalların saxlanması və həbs edilməsi də qeyd edilib. “Təəssüf ki, haq səsimizi ucaldan bir sıra millətçilərimiz həbs olunub və hələ də tutuqlu qalmaqdadırlar. Biz hamımız bu zülmə qarşı çıxıb və Azərbaycanın milli dustaqlarına ürək və dəstək olmalıyıq”-deyə broşürda qeyd edilib.
Son zamanlarda Vərziqan şəhərində yerləşən böyük Süngün mis mədənindən hasil edilən gəlirlərin bir hissəsinin Vərziqan şəhərinin əhalisinin rifahı və Şərqi Azərbaycan vilayətinin inkişafı üçün ayrılması mövzusu gündəmdə qalıb.