Ötən və gələcək günlərin unudulmaz adı; Firudin İbrahimi
1947-ci ilin may ayının 23-də Gülüstan bağında Azərbaycanın danışan dili edam edildi. O yıxılmış olan Azərbaycan Milli hökumətinin baş prokuroru, gənc hüquqçu və publisist Firudin İbrahimi idi.
Firudin İbrahimi 1918-ci ildə noyabr ayının 21-də Güney Azərbaycanın Astara şəhərində dünyaya göz açıb. Atası Qəni İbrahimi siyasi fəaliyyəti və sosialist düşüncələrinə görə uzun illər təzyiqlərə məruz qalıb. Rza xanın səltənət elan etdiyindən sonra həbsə atılır və təxminən iki il Tehranın Qəsr həbsxanasında həbs edilir. Daha sonra isə Nəhavənd şəhərinə sürgün edillir və ömrünün sonunadək orda olur. Bu isə ailənin ilk övladı olan Firudinin uşaq yaşlarından atasız yaşamasına səbəb olur və anası Fatimə Şirvani ilə birgə ailənin yükünü daşımalı olur.
İlk təhsilini Astarada alır. İstedadı və çalışqanlığı nəticəsində həmin illərdən məktəbin birincisi olur. Sonradan isə Astaradan Ənzəliyə getməli olur. Daha sonra isə Təbrizdə orta təhsilini bitirərək hüquq ixtisası üzrə Tehran Universitetinə daxil olur.
Gənc Firudin həmin illərdən etibarən siyasi fəaliyyətlərə qoşulur. Hələ uşaq yaşlarında atasının kitabları sayəsində sosialist düşüncələrlə tanış olan Firudin, universitet illərində sosialist hərəkatlara qoşulur. Onun ilk tələbəlik illərində Antihitler koalisiyası tərəfindən Rza şah ölkədən qovularaq yerinə oğlu Məhəmmədrza şah təyin olunur. Həmin qüvvələrin ölkədə olduğu illərdə nisbətən geniş miqyasda azadlıqlar yaranır və bununla da fəaliyyətlərinə qadağa qoyulan sosialist hərəkatlar yenidən fəaliyyətə başlayırlar.
Bunlardan biri də Tudə (kütlə) partiyası idi. Firudin İbrahimi tələbə ikən bu partiyaya üzv olub və sosialist düşüncəli tələbələr hərəkatında iştirak edib. Eyni halda o bir jurnalist kimi ixtisaslaşır. Dövrün bir çox qəzet və jurnallarında yazılarını çap etdirir. 1943-cü ildə Mir Cəfər Pişəvəri “Ajir” qəzetinin çapına başlayır. Qəzetlə tanış olan gənc Firudin onun sahibi Mir Cəfər Pişəvəri ilə də tanış olur və bununla da onun həyatı yeni bir istiqamətə irəliləməyə başlayır.
Firudin İbrahimi 1945-ci ilin ilk aylarında Tehranda təhsilini bitirir və hüquq ixtisasını bitirərək diplom alır. Artıq mahir bir jurnalist kimi tanınmış qəzet və jurnallarda yazıları dərc edilən hüquqçu dövlət orqanlarının da diqqətini cəlb edir. Ona bir çox iş fürsətləri və rütbələr təklif edilir lakin o veteran siyasətçi, əski kommunist partiyasının qurucularından və mahir jurnalist Pişəvəri ilə yoldaşlığı və Təbrizə qayıdıb onunla birgə daha böyük addımlar atmağı seçir.
Təbrizə geri dönməyi və Milli Hökumət
Firudin İbrahimi 1945-ci ilin yazında yenidən Təbrizə qaydır. İndi o hüquqçu və peşəkar jurnalist və publisist kimi Təbrizdə nəşr olunan bəzi mütərəqqi qəzet və jurnallarla əməkdaşlığa başlayır. Az fasilə ilə Mir Cəfər Pişəvəri də Təbrizə qayıdır və Azərbaycanda yeni bir təşkilatlanma prosesinə başlayır. O millət vəkilliyinə namzədliyində başda Təbriz olmaqla Azərbaycanda yeni dövrün başladığını və bunun üçün milli birliklər və təşkilatların yaranmasının vacibliyini anlamışdı.
Firudin İbrahimi Pişəvərinin yaxınlarından biri olaraq Azərbaycan Demokrat Firqəsinin qurulmasında iştirak edir və onun mərkəzi komitəsinə üzv seçilir. Həmin vaxtlardan başlayaraq “Azərbaycan” qəzeti demokrat firqəsinin rəsmi mətbuat orqanına çevrilir. Firudin İbrahimi isə qəzetin sabit yazıçısı olur. Onun ən önəmli yazılarından biri 22-ci sayda çap olunan “Azərbaycan danışır” adlı ardıcıl məqalələrini saymaq mümkündür. O bu məqalələrdə Azərbaycanın əski tarixi barədə önəmli məlumatlar verir. Daha sonra isə “Azərbaycanın qədim tarixi haqqında” adlı kitabı həmin məqalələrdən əmələ gəlir və 1946-cı ilin yazında çap olunur.
Bu kitab və məqalələr həm də ona görə önəmli idilər ki Pəhləvi dövründə Azərbaycan tarixi böyük miqyasda saxtalaşdırılıb və azərbaycanlıların milli kimliyi və qüruru həmin saxta tarixçiliyin əli ilə əzilirdi. Rza şah dövründə başlayan tarixçilik Azərbaycan tarixini fars tarixinin bir parçası kimi qələmə verir və azərbaycanlıların ana dillərinin farsca olduğunu iddia edilirdi. Firudin İbrahimi sözü gedən kitab və məqalələrdə bu saxtalaşdırmalara qarşı çıxır və milli kimliyin qorunması yolunda önəmli addım atır.
Azərbaycan Demokrat Firqəsinnin bəyannaməsi sentyabr ayının 3-də(12 şəhrivər) yayılır və az zaman ərzində Azərbaycanın bütövündə çox sayda tərəfdar və fədayi cəzb edir. Noyabr ayının 21-də qurucular parlamenti təşkil olunur və bu parlament 39 şəxsi Azərbaycanın muxtariyyətini qorumaq üçün dövlət və parlamentin təşkil olunması hazırlıqları ilə vəzifələndirir. Bu 39 şəxsin biri də Firudin İbrahimi olur.
Dekabrın 12-ci günündə Azərbaycan Milli Hökuməti təşkil olunur və Firudin İbrahimi Azərbaycanın baş prokuroru təyin olunur. O az zaman ərzində məhkəmə sistemini yenidən tənzimləyir və yeni nizam qurmağa cəhd göstərir. İbrahimi həmçinin məhkəmələrin və verilən hökmlərin düzgünlüyü və ədalətli olması barədə məqalələr yazır. Eyni halda o yeni konstitusiyanı yazan heyətdə yer alır.
1946-ci ildə Parisdə qurulan Paris sülh konfransında iştirak edir və İkinci Dünya Savaşından sonra dünyanın yeni nizamının necə qurulacağına yaxından şahidlik edir. Bununla yanaşı o, yeni müstəqillik əldə edən millətlərin nümayəndələri ilə də görüşür. Firudin İbrahimi bu səfərində Azərbaycan türkcəsində tərtib edilmiş pasportu ilə Azərbaycan Milli Hökuməti tərəfindən vəzifələndirilmişdi. Firudin İbrahimi həmçinin şah rejimi ilə də müzakirələrdə diplomat kimi yer alıb.
Ölümü
Azərbaycan qəzetində dərc edilmiş bir yazıda Firudin İbrahimi vətənin üzərinə qara buludların kölgə saldığını yazmışdı. Dünya səviyyəsindəki dəyişikliklər və sovet güclərinin Azərbaycandan çəkilməsi kimi hadisələr gələcək günlərin çətin keçəcəyini göstərirdi. Pəhləvi qoşunları artıq Zəncana girib, dinc əhaliyə belə rəhm etməyib, cinayətlər törətmişdi. Az zaman sonra Təbrizə çatacaqları bəlli idi. Firudin İbrahimi “Hamı vətən müdafiəsi yolunda” adlı bir məqaləsində belə yazırdı: ”Düşmən kim olursa olsun, bu sülhsevər millət (Azərbaycan milləti) vətənin müdafiəsi yolunda amansız olacaqdır.”
Qoşunlar Təbrizə çatırlar. İbrahimi dirənənlər arasında yer alırdı. Nəhayət ki şah qoşunları qalib gəlib kütləvi qətliama başladılar. Firudin İbrahimi həbs edildi. Təxminən 6 aylıq həbs zamanı Milli Hökumətin izləri Azərbaycandan silinməkdə idi. 1947-ci ildə Məhəmmədrza şah Azərbaycana gələcəkdi və onun gəlişindən qabaq isə Milli Hökumətin ən parlaq üzvlərindən biri olan Firudin İbrahimi edam ediləcəkdi.
1947-ci ilin may ayının 23-də o Paris Sülh Konfransında geydiyi kostyumunu geyinir, üzünü qırxır, qalstukunu taxır və Gülüstan bağındakı edam yerinə gətirilir. Son dəfə xalqının hüzuruna beləcə çıxan Firudin İbrahimi edam edilir.