Nahid Cəfəri: Təbrizdə məktəb illərində yaşadığım acı təcrübələr məndə dil öyrənməklə bağlı fobiya yaratmışdı
Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin professoru Nahid Cəfəri öz doğma şəhəri Təbrizdə yazıb oxumağı öyrənməyə imkan tapmadığı ana dilini bir müddətdir sosial media vasitəsilə öyrənməyə başlayıb. O, Amerikanın Səsi ilə söhbətdə Clubhouse sosial şəbəkəsində idarə etdiyi “Gündəm Danışıq” adlı türkcə kitab qiraət klubu haqqında danışıb.
Nahid Cəfəri məktəbin ilk illərində farsca bilmədiyi üçün çox əziyyət çəkdiyini deyir. O, dördüncü sinifdə inşa (kompozisiya) dərsində aşağı qiymət aldığı üçün yuxarı sinifə keçə bilməyib. Dördüncü sinifi iki dəfə oxuyub.
O təqribən bir il əvvəl Clubhouse sosial şəbəkəsində türk dilində söhbət otaqlarına qatıldıqdan sonra ana dilində yazıb oxumağı öyrənməyə qərar verdiyini söyləyir.
Clubhouse sosial şəbəkəsində türkcə söhbət otaqları
“Pandemiya dönəmində ki, evdə otururduq, qoşuldum Clubhouse-a. Gördüm ki, bizim dilimizdə otaqlar var, öz türk dostlarımızdır danışırlar. Mən də onlara qoşuldum. Çünki burada (ABŞ-da) daha çox ailəmlə danışanda türkcə danışardım. Amma bir anda Clubhouse-da özümü bir çox türk dostla bərabər gördüm. Bunun gözəlliyi buradaydı ki, dünyanın hər tərəfindən buraya qatılırdılar. İranda türklərin yaşadığı müxtəlif şəhərlərdən gələnlər var idi. Mən ömrümdə heç fürsət tapmamışdım ki, ayrı şəhərlərdən bu qədər türk dostum olsun. Bunların içində fəallar da var idi,” Nahid Cəfəri qeyd edir.
O həmin otaqlarda bəzi istifadəçilərin türk dilini fərqli bir üslubda danışdıqlarını müşahidə edir:
Onlara dedik ki, sizin danışdığınız türkcə bizimkinə oxşamır
“Bu otaqlarda maraqlı bir şey var idi. Bəzi dostlarımız elə türkcə danışırdılar ki, təəssüflə mən özüm də bir-iki dəfə dillənmişdim ki, axı sizin danışdığınız türkcə bizim türkcəyə oxşamır. Biz bunu başa düşmürük. Siz niyə Bakı dilində danışırsız? Niyə Türkiyə dilində danışırsız? Bizim aramızda bu mübahisələr çox olurdu. Bəzi vaxtlar da onlar bizə deyirdi ki, axı siz heç türkcə danışmırsız ki, siz farsca danışırsız. Bu məni biraz fikrə saldı. Baxdım təəssüf ki, mən öz ana dilimi düz-əməlli danışa bilmirəm. Yazıb pozmağı ki qoymayıblar öyrənək, danışmağımız da düzgün deyil.”
Nahid Cəfəri əlavə edir, “bu məni fikrə saldı ki, dilimi öyrənib və səhvlərimi düzəldə bilərəm. Clubhouse-dakı dostlar məni zövqə gətirdilər ki, türk dilinə, öz ana dilimə bir az əhəmiyyət verib və onu yaxşı öyrənəm. Sonra elə oradakı dostlardan öyrəndim ki, Toronto Universitetindən Lalə müəllim (Lalə Cavanşir) onlayn türkcə öyrədir. Dostlar mənim də adımı verdilər və belə oldu ki, mən başladım türkcə öyrənməyə.”
Təbrizdə məktəbin ilk illərində farsca öyrənməkdə çox əziyyət çəkmişdim
Farminqdeyl Kollecinin professoru ibtidai məktəb illərində fars dilini öyrənərkən çəkdiyi əziyyətlərə işarə edərək deyir: “Məndə bu fobiya var ki, mən dili çətin öyrənirəm. Mən məktəb illərində farsca öyrənməkdə çox əzab çəkmişdim. Bu həmişə məndə dilə görə bir fobiya yaratmışdı. Universiteti bitirdikdən sonra ki İrandan çıxmaq istədim və ingiliscəyə başladım, bu qorxu həmişə məndə var idi ki, mən dil öyrənməkdə yaxşı deyiləm.”
Nahid Cəfəri keçən həftələrdə sosial mediada başladılan (Mən və Farsca) kampaniyasına qatılaraq məktəbin ilk illərində yaşadığı təcrübələr haqqında yazı paylaşıb. O həmin dönəm yaşadıqlarını Amerikanın Səsinə daha ətraflı anladıb:
“Mən məktəbə gedəndə heç bilmirdim ki, farsca nədir. Ailəmizdə də bir nəfər farsca danışmırdı. Bizim televiziya da yox idi ki, orada fars dilində film, ya cizgi film görəm. Mən məktəbdə heç danışmazdım. Bir dilsiz uşaq kimi orada sakit oturardım. Sadəcə riyaziyyat dərsində çox yaxşı idim. Çünki riyaziyyatın özünün ayrı dili var. Düzdü, müəllimlərimiz türk olurdu, sinifdə türkcə danışardılar. Amma farsca dərs verərdilər. Dördüncü sinifə keçəndə gərək inşa (kompozisiya ) yazaydıq. İctimai Təlim dərsində suallara cavab verməli idik. Yəni, farsca danışmaq lazim olurdu. Şansımdan dördüncü siniff müəllimim də mehriban biri deyildi. Ona görə, mən artıq yetişə bilmədim və dördüncü sinifdə inşa və ictimai təlim dərsindən aşağı qiymət aldım. Sonra inşa dərsi üzündən mən rədd oldum və dördüncü sinifi keçə bilmədim.”
Onlayn türkcə kursu və kitab oxuma klubu
Cəfəri illər sonra öz ana dilində yazıb oxumağa başladığında da dil öyrənməklə bağlı o qorxuları xatırladığını deyir.
“Doğrusu, heç vaxt zehnimə gəlməmişdi ki, mənə lazimdir ki, türk dilini yəni öz ana dilini də öyrənəm. Amma həmişə ürəyimdən keçərdi ki, niyə uşaqlıqda məktəbdə bizə ana dilimizi öyrətməyiblər,” o deyir.
Cəfəri ana dilini öyrənmək üçün onlayn kursa qatıldıqdan sonra türk dilində mətn oxumaqda çətinlik çəkdiyini anlayıb. Kitab oxuma klubu fikri də belə yaranıb.
“Mən o türk dili kursuna qatıldım, amma səviyyəm çox aşağı idi. Gördüm ki, mən çox öyrənə bilmirəm. Lalə müəllim mənə mətn verirdi oxumaq üçün. Mən hərf-hərf, kəlmə-kəlmə oxumağa çalışırdım. Bir an zehnimə gəldi ki, bu kurs bitməkdədir və mən heç nə öyrənməmişəm. Bir az əlifba ilə tanış oldum, bir az da qrammatika. Onun üçün, elə o sinifdə müəllimə dedim ki, mən bir kitab oxuma klubu açmaq istəyirəm. Bizim Gündəm Danışıq adında bir söhbət klubumuz var idi ki, biz orada ümumi söhbətlər edirdik. Onu bir kitab oxuma klubuna çevirdik.”
Mən və dostlarım artıq türk dilində 300-400 səhifəlik romanlar oxuyuruq
Nahid Cəfəri və Gündəm Danışıq klubunun digər üzvləri keçən 8 ayda hər həftə üç dəfə bir araya gələrək “Əli və Nino” və “Dumanlı Təbriz” kimi romanlar və bəzi hekayələri birlikdə oxuyub və bitiriblər. Onlar hazırda İsmail Şıxlının “Dəli Kür” romanını oxuyurlar.
“Bu klub mənim özümə çox faydalı olub. Mən türk dilini, öz ana dilimi öyrənirəm. Kitab oxuyuram. Roman oxuyuram. Dostların dediyinə görə danışmağım bir az düzəlib. Hələ yetərli deyil, amma yaxşı bir formaya gəlib. Ancaq oxumağım çox dəyişib. Bunu özüm görürəm. Mən və dostlarım indi 300-400 səhifəlik romanlar oxuyuruq. Amma təkcə oxumaqda qalmadıq. Dostlarla birlikdə yazmağa başladıq. Kitab icmalı yazmışam. Xatirə yazardım farsca, indi onu türkcə yazıram,” Cəfəri əlavə edir.