Zəncan, Urmiyə və Təbrizdə müəllimlər piket keçirib
İranın müxtəlif bölgələrində məişət vəziyyətinə etiraz edən müəllimlər piket keçirməyə davam edirlər. Bazar ertəsi günü minlərlə müəllim Zəncan, Urmiyə və Təbriz daxil olmaqla, İranın bir çox şəhərində təşkil olunan aksiyalara qatılıb.
İLNA agentliyi və “Asriran” internet portalının yaydığı məlumata görə, Zəncan, Urmiyə və Təbriz şəhərlərində müəllimlər təhsil idarələrinin önündə toplaşıblar.
“Asriran” saytına istinadən, “Təbrizdə keçirilən piket Şərqi Azərbaycanın çalışan və təqaüdçü müəllimlərinin həmkarlar ittifaqının dəvəti ilə təşkil edilib.”
Tehranda isə çox sayda müəllim İslami Şura Məclisinin (İran Parlamenti) önündə etiraz təşkil ediblər. Sosial mediada yayılan görüntülü xəbərlərə əsasən, polis və təhlükəsizlik qüvvələri məclis önündə toplaşan müəllimlərə hücum edib.
Şərqi Azərbaycan vilayətində müəllim Lətif Ruzixah 7 ay həbsə məhkum edilib
Keçən bir neçə ay ərzində İranın müxtəlif vilayətlərində müəllimlər tərəfindən bir çox etiraz aksiyası təşkil olunub. Mitinqlərə qatılan müəllimlər məişət şərtləri və “maaşlarının tənzimlənmə layihəsinin tətbiq edilməməsinə” etirazlarını nümayiş etdirirlər.