Həmid Mənafi Nadarlı sürgün cəzasına başlayır
Həmid Mənafi Nadarlı azadlığa buraxıldıqdan sonra sürgün cəzasını çəkmək üçün çağırılıb.
Evin həbsxanasında saxlanılan türk dili hüquqları fəalı Həmid Mənafi Nadarlı şərti azadlıq tələbi qəbul edilib.
Bölgədə insan haqları üzrə fəalların yaydığı məlumata görə, Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan siyasi məhbus Həmid Mənafi Nadarlı may ayının 15-də şərti azadlığa buraxılıb və eyni zamanda 2 illik sürgün cəzasını çəkmək üçün Loristan vilayətinə çağırılıb.
Aprelin 21-də Evin Həbsxanasından məzuniyyətə buraxılan Mənafi Nadarlı məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıtdığında şərti azadlığa buraxılma haqda müraciətinin təmin olunduğu barədə məlumatlandırılıb.
O, azadlığa buraxılması ilə bərabər Baharistan məhkəməsinin hökmlərin icrası bölməsinin tərəfindən aldığı bildirişə görə, 2 illik sürgün cəzasının tətbiqi üçün Loristan vilayətindəki Əzna adlı şəhərə çağırılıb.
Nadarlı Əlirza Fərşi və Behnam Şeyxi ilə eyni gündə, iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha öncə türk dili hüquqları üzrə fəaliyyətlərindən dolayı məhkum olduğu ikiillik həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülmüşdü.
Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, və digər türk dili hüquqları fəalları 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün həbs edilib, bir müddət nəzarət altına alınmışdı.
O, 2016-cı ilin fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Loristan vilayətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
VOA