Azərbaycan-Ermənistan sərhədi: Paşinyan hərbi yardım üçün Rusiyaya “müraciət edib”
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan parlamentinin Zəngəzur bölgəsinin Sünik vilayətində vəziyyətin gərginləşməsi ilə bağlı keçirilən iclasında bəyan edib ki, hərbi yardım xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisini mayın 14-də tərk etməsi haqqında razılıq əldə olunub, lakin razılığa əməl olunmayıb.
“Razılaşma qismən yerinə yetirilib, azərbaycanlılar bəzi ərazilərdən çıxmayıblar. Buna görə, Rusiya ilə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında 1997-ci il və Ermənistan-Rusiya Hərbi Qruplaşması haqqında müqavilələrə əsasən, mən, o cümlədən, hərbi yardım üçün Rusiya prezidentinə müraciət etmişəm”, – Paşinyan deyib.
Azərbaycan ordusunun Ermənistanın Sünik ərazisinin 3.5 kilometrlik hissəsinə girməsilə bağlı məlumatlardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, hava şəraitinin yaxşılaşması ilə bağlı Azərbaycan ordusu ”ölkəmizə aid mövqelərdə” yerləşdirilir.
14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub. Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata əsasən, nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.
“Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər”, – XİN-in açıqlamasında deyilir.
BBC