Milli fəal Ruzbeh Piri Təbriz Cəza Məhkəməsində mühakimə olunacaq
“Yalan xəbər yayma” və “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamları ilə günahlandırılan türk fəal Ruzbeh Pirinin dosyesi Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsinə göndərilib.
Ruzbeh Piri İranın təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qalan qardaşı Yaşar Piri haqqında məlumat yaydığı üçün təqribən bir ay əvvəl Təbrizin ümumi və inqilab prokurorluğuna çağırılmışdı. Fəala qarşı irəli sürülən ittihamlar oxunduqdan sonra o, mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıldı.
Ruzbeh Pirinin qardaşı Yaşar Piri 21 fevral Dünya Ana Dili Günündə nəzarət altına alındığı zaman təhlükəsizlik qüvvələrinin işgəcəsinə məruz qalmışdı. Bir neçə gün nəzarətdə qalan fəal sərbəst buraxıldıqdan sonra xəstəxanaya yatırıldı. Ruzbeh Piri həmin müddət qardaşının durumu ilə əlaqədar sosial mediada məlumat paylaşdığı üçün “yalan xəbər yayma” və “nizama qarşı təbliğat” ittihamları ilə üzləşib.
Piri qardaşları daha əvvəl də göstərdikləri fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıblar.
VOA