Güneyli siyasi məhbus Yusuf Kari əvvəlki bölməsinə qaytarılıb
Yusuf Kari həbsxana məmurlarının rəftarına etiraz etməsinin ardından məmurlar tərəfindən ağır şəkildə döyülərək karantin bölməsinə aparılmışdı. Aprel ayının 14-də o, təkrar həmin həbsxananın 1-ci bölməsinə qaytarılıb.
İran Azərbaycanında insan hüquqları fəallarının yayımladığı məlumata görə, həbsxana məmurları Yusuf Karinin əlləri və ayaqlarını qandallayaraq onu qrup halında döyüb və başqa bir bölməyə aparıblat. Siyasi məhbusun ailəsinin durumdan xəbər aldıqdan sonra rəsmilərə məlumat almaq üçün etdikləri müraciətlər nəticəsiz qalıb.
Döyülmə nəticəsində azərbaycanlı məhbusun üzü və başından ağır xəsarət aldığı bildirilir.
Ərdəbil Həbsxanasının 1-ci bölməsinin rəisi Fərhad Novruzi milli fəalı ona qarşı yeni məhkəmə işi qaldırmaqla təhdid edib. Ərdəbil həbsxanasında məmurların axtarışı zamanı məhbuslara qeyri-etik və şiddətli davranışlar daha öncə də dəfələrdə baş tutub.
2018 ilində Ərdəbil Həbsxanasında bir sıra məhbuslar məktub yazaraq axtarış vaxtı məhbuslara qarşı təzyiqlər və əşyalarının müsadirə edilməsi ilə bağlı məlumat veriblər.
Kari 2019-cu ilin sentyabr ayının 3-də Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, ilkin məhkəmə tərəfindən 6 il həbsə məhkum edilib, daha sonra isə apellyasiya məhkəməsi onun 6 illik həbs cəzasını 2 ilə endirib.
İran hakimiyyəti siyasi məhbusları təhlükəsizlik məhbusu ünvanı altında digər cinayətlərdə günahkar bilinərək həbs edilən şəxslərlə eyni bölmələrə yerləşdirir.
VOA