İran Azərbaycanında pandemiyanın son durumu
İranda koronavirus pandemiyasının dördüncü dalğasının başlaması ilə ölkənin xəstəxanalarının tutumu dolmaq üzrədir. Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə üzrə müavini Şərqi Azərbaycan vilayətində hər gün vilayətdə min yeni yoluxma halının qyedə alındığını deyib.
Xəstəxana yataqlarının dolması və ağır iş şəraiti tibb işçilərinin yorğun düşməsinə səbəb olub.
İranın İLNA və Tasnim xəbər agentlikləri bu barədə məlumat yayıb.
Tibb işçiləri sistemi Ali Şurasının katibi Həmidrza Əzizi keçən il ərzində İrandan hər ay 100-120 tibb bacısının mühacirət etdiyini söyləyib. Onun dediyinə görə, tibb bacılarının xaricə köç etməsi pandemiya dövründə dolanışıq problemləri və ölkənin iqtisadi problemləri ilə əlaqədardır.
İranın Şərqi Azərbaycan vilayətində virusun yayılma sürətinin çox yüksək olduğu bildirilir. Təbriz səhiyyə rəsmiləri vəziyyətin acınacaqlı olduğunu ifadə edərək xəstəxanaya yerləşdirmə sayının bucaq əmsalının dik bir şəkildə yüksəldiyini qeyd edib. Ölkə bütövündə pandemiyanın durumunun çox ağır olduğu bildirilir. Koronavirus pandemiyasına qarşı mübarizə Baş Qərargahı Elmi Komitəsinin üzvü Məsud Mərdani ölkənin vəziyyətini “fəlakətli” olaraq şərh edib, xəstəxanalardakı bütün çarpayıların dolduğunu və ölənlərin sayının kəskin artdığını, yeganə çıxış yolunun tam qapanma və insanların evdə qalması olduğunu söyləyib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Rəhimi Cahanabadi, pandemiya ilə mübarizənin təkcə yolunun ictimai vaksinasiya olduğunu desə də, o, ölkədə kifayət qədər peyvəndin olmadığı, daxili səhv qərarlar, sanksiyalar və problemlərin davam etdiyi barədə gileylənib. Lakin İranın ali ruhanisi Ayətullah Əli Xamenei daha öncə Amerikanın Pfizer-BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edib.
Şərqi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri Doktor Məhəmməd Hüseyn Somi hazırda vilayətin xəstəxanalarına 1450 xəstənin müalicə üçün yerləşdiyini bildirib. O, son 24 saat ərzində 305 nəfərin xəstəxanalara yatırıldığını qeyd edərək bu rəqəmin pandemiya dövründə rekord olduğunu söyləyib. O həmçinin son sutkada 18 nəfərin həyatını itirdiyini, bu rəqəmin də pandemiya dövründə ən yüksək vəfat sayı olduğunu bildirib.
Xəstəxanaların əksəriyyəti bu gedişatın davam etməsi ilə çarpayı çatışmazlığı yaşanacağı haqda xəbərdarlıq edirlər. Təbrizdəki İmam Rza xəstəxanasının rəhbəri baharın ilk günləri ilə müqayisədə xəstəxanaya qəbul edilən xəstələrin sayının 4 qat artdığını bildirərək, “Hal-hazırda 200 COVID-19 xəstəsi reanimasiya şöbəsində müalicə edilməkdədir”, deyib.
Qərbi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadənin verdiyi məlumata görə, vilayətin xəstəxanalarına 1271 xəstənin müalicə üçün yerləşdirildiyini və son sutkada 21 nəfərin həyatını itirdiyini bildirib. Ağazadənin verdiyi məlumata görə, Urmiyə və Xoy şəhərləri ən yüksək xəstə sayı ilə ən ağır durumda olan şəhərlərdir.
Ərdəbil vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Şəhram Həbibzadə isə vilayətdə son 24 saat ərzində 113 virusa yoluxmuş xəstənin xəstəxanalara yatırıldığını və 6 nəfərin həyatını itirdiyini bildirib. O, Ərdəbil vilayətinin şəhərlərinin əksəriyyətinin qırmızı vəziyyətdə olduğunu söyləyib. Hazırda vilayətdə 571 nəfər xəstəxanalarda müalicə olunur. Ərdəbil şəhərinin meri şəhər xəstəxanalarının tutumunun dolmaq üzrə olduğu barədə xəbərdarlıq edib və tibb işçilərinin çox ağır vəziyyətdə işlədiklərini bildirib.
İran Azərbaycanının digər vilayəti Zəncanda hal-hazırda 778 koronavirus xəstəsi xəstəxanalarda müalicə olunur. Zəncan səhiyyə xidmətinin rəhbəri Pərviz Qızılbaş 800 xəstəxana çarpayısının dolduğunu bildirərək, gedişatın belə davam etdiyi təqdirdə xəstəxanalarda çarpayı çatışmazlığının yaşana biləcəyi barədə xəbərdarlıq edib.
İranda COVID-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Son günlərdə İranda pandemiyanın 4-cü dalğasının başlaması ilə bu kateqoriyalara qara rəng də əlavə edilib. Fevral ayında ekspertlər İranda pandemiyanın 4-cü dalğasının baş tutma ehtimalı barəsində məlumat vermişdilər.
Iranın COVID-19 pandemiyasının təhlükəsini göstərən son xəritədə İran Azərbaycanın bəzi şəhərləri daxil olmaqla, ölkənin 63 şəhərinin qara kateqoriyaya salındığını görmək mümkündür.
VOA