Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılıb, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcəyi gözlənir, – daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Azərbaycanda Nazirlər Kabineti bildirir ki, bayram günlərində ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək. Qərara əsasən, martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Prezident köməkçisi Şahmar Mövsümov cümə günü keçirilən brifinqdə bildirib ki, koronavirusa yoluxma artsa da, başqa sərt tədbirlərə əl atılmayacaq.
Ötən ilin martından bəri koronavirusa yoluxmanın artdığı müddətlərdə ölkədə sərt karantin rejimi tətiq edilmiş, bəzi iş yerlərinin, o cümlədən kafe və restoranların fəaliyyəti dayandırılmış, küçəyə çıxma xüsusi icazə ilə olmuş, rayon və şəhərlərarası gediş-gəliş dayandırılmışdı.
Şahmar Mövsümov bildirib ki, ictimai nəqliyyat aprel-may aylarında da həftə sonları işləməyəcək.
BBC