İran Azərbaycanında türkdilli “Qocalar ölməz” filmi böyük ekranlara çıxır
2019-cu ildə İran Azərbaycanında çəkilmiş türkcə-farsca “Qocalar ölməz” (Ölümsüzlər Kəndi) İranın müxtəlif şəhərlərində böyük ekranlara çıxır.
Komediya-dram janrında olan “Qocalar ölməz” rejissor Rza Camalinin ilk uzunmetrajlı kino-filmidir. Ərdəbil vilayətində çəkilmiş filmdə illərdir kimsənin ölmədiyi bir kənddə ölüm gözləyən yaşlı adamların hekayəsi təsvir edilir.
Tokio Film Festivalının “Asiyanın Ruhu” mükafatına layiq görülən kino-film şənbə günü Tehranın sənət və təcrübə kinoteatrında nümayiş etdirilib. Film həmçinin bazar ertəsi günü Ərdəbildə, çərşənbə günü isə Təbrizdə ekranlara çıxır.
Mehr xəbər agentliyinin məlumatına görə, “bu filmin tamamı Ərdəbil kəndlərində çəkilib və əsas dili türkcədir. Filmin bəzi səhnələrində fars dilində dialoqlar da olur, ancaq əksər dialoqlar türk dilindədir.”
Filmin rejissoru və ssenaristi Rza Camalı keçən illərdə çəkdiyi qısametrajlı filmləri ilə qatıldığı bir çox beynəlxalq festivaldan mükafat alıb. Nadir Mehdili, Həmdullah Səlimi, Salman Abbasi, Elena Azarm, Nida Haqşinas və Vilayət Xubdil Ölümsüzlər Kəndi filmində rol alıblar.
Film 2020-ci ildə Türkiyənin dövlət televiziyası TRT-də nümayiş etdirilib.
Keçən bir neçə ildə İran Azərbaycanında çəkilən türkcə filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Daha əvvəl Amerikanın Səsinə müsahibə verən Rza Siyami hesab edir ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib.”