Rza Müridi: “Dilləri məhv etmək istəyənlər, əslində, insanları məhv etmək istəyirlər”
Xarici ölkələrdə Azərbaycanı sevən onun maraqlarını beynəlxalq səviyyədə qoruyan həmvətənlərimiz az deyil. Dr. Rza Müridi keçən ay Kanada Parlamentində Ermənistanın Azərbaycana qarşı ürəli sürdüyü haqsız iddiaların qarşısını ala bilən yeganə azərbaycanəsilli ziyalı idi. Dr. Rza Müridi Kanadada Ontario Araşdırma, İnnovasiya üzrə Elm naziri və Təhsil naziri olub. 2007, 2011 və 2014-cü illərdə Ontario Parlamentinə seçilib. Ontario məclisində Liberal Partiyanın nümayəndəsidir. Bundan başqa, Kanada Radiasiya Təhlükəsizliyi İnstitutunun sədridir. Rza Müridi Kanadada və beynəlxalq aləmdə elmi, strateji planlaşdırma və siyasi təcrübələrə malikdir. Siyasətə başlamazdan əvvəl vitse-prezident və aparıcı elm adamı olduğu Kanadadakı Radiasiya Təhlükəsizliyi İnstitutunda 17 illik karyera keçirib. Rza Müridi Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Tehran Universitetini bitirdikdən sonra İngiltərənin Brunel Universitetində doktorluq elmi dərəcəsi alıb. Hazırda Toronto Universitetində çalışır. Kanada, Amerika, Çin və Böyük Britaniyanın bir çox elmi qurumlarının fəxri üzvü və məsləhətçisidir. O, beynəlxalq aləmdə tək fizik və Radiasiya Təhlükəsizliyi üzrə görkəçli alim kimi deyil, həm də insan haqları müdafiəçisi kimi də tanınır. 2010 və 2017-ci illərdə Ontario Hökumət nümayəndə heyəti tərkibində Azərbaycana gəlib və ölkəmiz üçün çox faydalı və əməli işlərə imza atıb.Federal İran quruluşuna nail olmaq üçün zəruri strategiyalar üzərində çalışan siyasətçi alimin çox dəyərli və orijinal fikirləri var. İran kimi bir ölkədə demokratik quruluş yaratmağın çətin olduğu göz qabağındadır. Buna görə Əlyar Təbrizli dr. Rza Müridi ilə belə bir sual ətrafında səmimi söhbət etməyi qərara alıb: “Ənənələri, mentaliteti və Şərq mədəniyyətini nəzərə almaqla İranda demokratiyanın reallaşması üçün imkan yoxdurmu və ya demokratik bir qurumun meydana gəlməsi mümkün deyildirmi? Kanadada yaşayan siyasətçi və jurnalist Əlyar Təbrizlinin Rza Müridi ilə apardığı maraqlı söhbəti diqqətinizə təqdim edirik. Pərvanə Məmmədli
– Cənab dr. Müridi, xoş gəldiniz və gəlişinizlə bizlərə sərəf verdiniz. Özünüz və işiniz haqqında, necə deyərlər qısa bir tərcümeyi-halınızı dostlara təqdim etsəydiniz, minnətdar olardım.
– Urmiyə şəhərində dünyaya göz açmışam, İran Azərbaycanının gözəl şəhərlərindən biri olan bu diyarda boya-başa çatdığıma görə fəxr edirəm.
– Federalizm nə deməkdir və sizin çox yaxından tanıdığınız Kanada federalizminin bünövrəsinin əsasını nə təşkil edir?
– Deyə bilərəm ki, federalizm əslində bir idarəetmə formasından başqa bir şey deyil. Bu, ölkəni bir növ çoxtərəfli idarəetmə formasıdır. Biz bu gün dünyanın müxtəlif ölkələrində bu sistemin tətbiq olunduğunu görürük. ABŞ-da, Kanadada, Almaniyada, Hindistanda, Pakistanda və son zamanlar İraqda və dünya ölkələrin əksəriyyətində, hətta Avstraliyada da bunu müşahidə edirik. İngiltərədəki quruluş da təqribən federalizm kimi bir şeydir – Britaniya 4 iri əyalətdən: İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarətdir. Hər halda, federalizm əslində bir növ hakimiyyət, bir ölkənin bir növ mərkəzləşməmiş idarəetmə formasıdır.
Qədim İran da tarixi əsərlərdə yazıldığına görə bəzi cəhətlərinə görə belə idi. Kuroş və Daranın zamanında da təqribən belə bir dövlət quruluşu var idi. Əlbəttə, 2500 il bundan əvvəlki federalizm quruluşu bugünkü federalizmdən heç şübhəsiz fərqli idi. Baxın, hətta Qacarlar dövründə də deyirdilər: Azərbaycan əyaləti, Fars əyaləti, Kirman əyaləti. Məşrutə Konstitusiyasında da söhbət əyalət şuralarından gedir. Bu əyalət şuraları bir növ əyalət hökuməti, yaxud ostan hökumətidir. “Ostan” yeni bir söz kimi fars dilinə gətirilib. Əvvəllər onun yerinə “əyalət” sözü işlədilirdi, “şəhər” sözünün əvəzinə isə “vilayət” deyirdilər.
Bax elə buna görə də Məşrutə Konstitusiyasında biz əyalət şuralarından və vilayət şuralarından danışırıq. Bu elə həmin şəhər şurası və ostan şurası, yaxud ostan parlamenti və şəhər parlamentidir. Məlum olduğu kimi, “parlament” yunan sözü olub, “xalqın evi” anlamına gəlir. Biz Milli Şura Məclisi deyirik, əslində bu, ərəb sözüdür: həm “milli”, həm “şura”, həm də “məclis” ərəbcədir. “Xalqın evi” kəlməsindən məqsəd isə elə bir evdir ki, oradan xalq idarə olunur. Avropalıların dilində buna deyirlər “parlament”. Bu isə dediyim kimi, “millətin evi”, “xalqın evi” mənasını verir.
Bu əyalət şurası, vilayət şurası, yaxud Şura Məclisi vasitəsilə cəmiyyət idarə olunur. İndi isə sizin əsas sualınıza qayıdıram, yəni “federalizm nədir?” sualına. Bu, bir növ mərkəzləşməmiş idarəetmə formasından başqa bir şey deyil. Bununla yanaşı, təbii ki, biz dünyada, demokratik ölkələrdə mərkəzləşmiş hakimiyyətlərin də şahidiyik. Məsələn, Fransada hakimiyyət tamamilə mərkəzləşmiş xarakter daşıyır. Hər şey Parisdə həll olunur. Halbuki onun böyründə yerləşən Almaniyada mərkəzləşməmiş federal hakimiyyət vardır.
– Bu fikirdən çıxış etsək, onda deməli bizim federal bir hakimiyyət çərçivəsində nail olmaq istədiyimiz müasir dövlətə çatmaq üçün, ölkə ictimaiyyətinin və ziyalılarımızın müasir liberal-demokratik dövlət haqqında heç bir təsəvvürlərinin olmadığını nəzərə alaraq, siz bu düşüncənin reallaşması istiqamətində hansı praktik şərtləri vacib hesab edirsiniz?
– Məncə, demokratiyanın ilk təməli əslində hərtərəfli bir mədəniyyətin olmasıdır. Yəni insanlar gərək özlərində elə bir mədəniyyət və düşüncə tərzi yaratsınlar ki, öz müqəddəratının sahibi olduqlarına inansınlar. Bu mədəniyyət və bu vərdiş hərtərəfli meydana gəldiyi zaman, təbii ki, insanlar özlərinin tək bir fərd və ya qrup tərəfindən idarə olunmasına icazə verməyəcəklər. İndi bir halda ki, demokratiyadan söz düşdü, qeyd etmək lazımdır ki, liberalizm əslində insanlara bütün fərdi və sosial azadlıqları verir. Əslində liberallaşma millətin fərdlərindən, müvafiq ölkənin hər bir vətəndaşından irəli gələn bir növ demokratiyadır. Liberalizmdə dünyəviliklə bir növ harmoniya var. Bu mənada ki, liberalizm heç bir ideologiyaya bağlı deyildir: naturalist ideologiya, kommunist ideologiyası və dini ideologiya kimi. İranda da hazırda hakimiyyət dini ideologiyaya əsaslanır. Ancaq bu hakimiyyət fərdi azadlıqlara hörmət edir, hər kəs öz həyatında azaddır və bu azadlıqlar təbii olaraq insanların özlərinin və təmsilçilərinin hazırlayıb qəbul etdikləri qanunlar çərçivəsindədir. Bu qanunlar göydən düşməyib, insanların özlərinin hazırladığı qanunlardır və bu qanunlar zamanın və məkanın şərtlərindən asılı olaraq dəyişə bilər. Liberalizm əslində insanı azad etmək və bütün insanlar üçün minimum yaşayış zəmanəti vermək üçün çalışan bir fəlsəfədir.
– Verdiyiniz bu kamil izahata görə cox təşəkkür edirəm, c-b Müridi. məlum olduğu kimi, Hindistanda 22 rəsmi dil var. Kanadada 2 dövlət dili, Belçikada 3 dövlət dili və bir çox başqa ölkələrdə də bir neçə dövlət dili var. Ölkədə bir neçə dilin mövcudluğu milli birliyi və milli həmrəyliyi sarsıdırmı!? Parçalanmaya səbəb olurmu və ya əksinə!? Bu barədə şəxsi fikrinizi öyrənmək istədim.
– Zənnimcə, Hindistanda 20 rəsmi dil vardır və Hindistan parçalanmayıb. Belçikada 3 rəsmi dil mövcuddur və bu ölkə də parçalanmayıb. Kanadada 2 rəsmi dil var, lakin digər dillər də qadağan deyil. Kanadanın Toronto şəhərində evlərdə 200 dildə danışırlar. Bu şəhərdə hökumət sərmayə qoyaraq və vəsait xərcləyərək şənbə və ya bazar, və ya cümə günlərində məktəblərdə insanların ana dilini öyrənmək məqsədilə uşaqlarını göndərə bilməsi üçün şərait yaradıb, müvafiq dərslər keçirilir. Elə həmin Ontaryo əyalətində mənim təklifimlə Beynəlxalq Ana Dili Gününü tanıyan bir qanun qəbul olundu. Odur ki, dil əslində təbiətin gözəlliklərindən biridir. Dünyada danışılan 6.000 dil var, 6.000 dil isə dünyadakı 6.000 etnik mənsubiyyət deməkdir.
Bu səbəbdən etnik müxtəliflik dil müxtəlifliyi ilə birlikdə, bəlkə də, yaradılışın gözəlliklərindən biridir. Hər hansı bir şəkildə yaradılışa inananlar üçün bu, dünyanın gerçəklərindən biridir. Dilləri məhv etmək istəyənlər, əslində, insanları məhv etmək istəyirlər.
Qədim zamanlardan İranın coğrafi quruluşu səbəbindən bu ölkədə yaşayan fərqli millətlər və ya tayfalar, ya da xalqlar fərqli dillərdə danışırdılar. Fərqli inancları, fərqli dinləri və fərqli etnik mənsubiyyətləri var idi. Birlikdə yaşadılar və bu vəziyyət son yüz ilə qədər davam etdi, sonradan isə bir dili – fars dilini dövlət dili elan elədilər.
Lakin, hər halda qanuni və hüquqi sənədlərin bir üslubda olmasını təmin etmək üçün hər bir ölkənin rəsmi dili olmalıdır. Bəzi ölkələrdə iki rəsmi dil mövcuddur, məsələn Kanadada, yaxud Hindistanda qeyd etdiyiniz kimi, 20 dövlət dili vardır. Hər halda rəsmi dil olmalıdır. Ancaq bu, o demək deyil ki, başqa dilləri məhv etməliyik. İranda əslində son altmış, yetmiş, səksən və ya yüz ildir, başqa dilləri məhv etmək siyasəti davam etdirilir. Bu, nəticədə insanların qütbləşməsinə səbəb oldu. İran çoxqütblü xarakter aldı və bu, İranın birliyi üçün zənimcə zərərli olmuşdur və zərərlidir. Halbuki biz İranda mövcud olan bütün dillərə hörmət bəsləməli, bütün dillərə dəyər verməli, bir dilin başqa dillərdən daha yaxşı olduğunu iddia etməməliyik.
Hər dil o dilin sahiblərinə bir bala kimi şirindir. Bir atalar sözü var, deyir, hətta bir meymunun da övladı onun üçün çox əzizdir. Dil də belədir, hər bir millətin dili onun üçün şirindir. Bütün dillər şirindir. Bütün dillər yaxşıdır, bütün dillərə dəyər verməliyik. Dil insan yaradılışının gözəlliklərindən biridir və məhv edilməməlidir. Əlbəttə, hər hansı bir ölkədə bir dil, iki dil, bir neçə dil rəsmi dövlət dili ola bilər. Nə eybi var? Bizdə Kanadada hər kəsin istifadə etdiyi terminlər vardır. Çox zaman deyirlər ki, bizim gücümüz və qüdrətimiz müxtəlifliyimizdən irəli gəlir. İranda da biz bu şüarı səsləndirməliyik ki, “İranın gözəlliyi və İranın gücü-qüdrəti iranlıların fərqli etnik qruplardan ibarət olmasındadır. İranlılar fərqli dillərdə danışırlar, İranlıların mədəniyyətləri fərqli, İranlıların dinləri və adət-ənənləri müxtəlifdir. Burada söhbət dildə müxtəliflikdən, mədəniyyətdə müxtəliflikdən, fikir və düşüncələrdə müxtəliflikdən gedir.
Bu əslində bizim zəifləməyimizə deyil, güclü olmağımıza səbəb olur, odur ki, İranın gələcək demokratik hökumətində məhz bu siyasət tətbiq olunmalıdır, son yüz il ərzində aparılmış siyasət yox!
– İcazə verin Sizə yaşadığınız və uzun illər hökumət adamı olduğunuz Kanada barədə sual verim. Burada maksimum imkanların olduğuna və Kvebek əyalətində fransız dilinin rəsmi olaraq tanınmasına, bayrağa və parlamentə sahibliyi və geniş imkanlara malik olmasına baxmayaraq, niyə bu əyalətdə müstəqillik partiyası qanuni fəaliyyət göstərir? Səbəb nədir? Ümumiyyətlə, niyə bu sahədə fəaliyyət azaddır? Digər bir sualım budur ki, Kanadada separatçı düşüncə tərzi və separatçı fəaliyyət qanun pozuntusu sayılırmı? Kvebek əyalətinin mütəfəkkirləri və müstəqillik istəyənlərlə muzdlular, əcnəbilər və xainlər kimi rəftar olunurmu və onlar həbs, işgəncə və edamla üzləşirlərmi?
– Xeyr. Qeyd etməliyəm ki, bu, Kanadanın demokratik bir ölkə olduğuna görə deyil. Sadəcə, bu ölkə Ümumdünya İnsan Haqları Bəyannaməsinə hörmət edir. Bu ölkədə hər kəs hər hansı bir siyasi fikrə, düşüncəyə sahib ola bilər, Kvebek əyalətində, bəziləri separatçıdırlar və əyalətin müstəqil olmasını istəyirlər, bəziləri isə bu separatizmə qarşıdır. Lakin onlar hər ikisi Kvebekdə azaddırlar və öz əqidələrini azad surətdə bildirə bilirlər. Kvebek hökuməti indiyədək iki dəfə əyalətin Kanadadan ayrılması üçün referendum keçirib, ancaq hər iki dəfə məğlubiyyətə uğrayıb. Halbuki bəzi vaxtlarda Kvebekdə hökumət separatçı partiyanın əlində olubdur. Ancaq buna baxmayaraq, bu əyalət Kanadanın bir hissəsi olaraq qalır. Odur ki, bu, əsla cinayət deyil. Separatçılıq, yaxud öz müqəddəratını təyin etmə Dünya İnsan Haqları Bəyannaməsində qeyd olunub və Kanada da ona ehtiramla yanaşır.
Beləcə Kvebek əyalətində separatçılar hələ də vardırlar və sayları da az deyildir. Həm də xeyli çoxdur. Yeri gəlmişkən, separatçı partiyalardan birinin əyalət parlamentində bir neçə nümayəndəsi var. Onların bir çox illər ərzində parlamentdə nümayəndələri olub. Kanada parlamentində və eləcə də Kvebek əyalət parlamentində, ya da Kvebek əyalət şurasında bu separatçı partiyalar var. Lakin onlar əksəriyyətə malik deyillər. Heç kim də onlara mane ola bilməz.
Kimsə onlara nə isə deyə bilməz. Bura demokratik bir ölkədir. Sivil bir ölkədir. Burada insanların əqidələrinə ehtiram bəslənilir. Bir qrup Kvebeki ölkədən ayırmaq istəyir və hətta, qeyd etdiyimiz kimi, iki dəfə referendum keçirib. Lakin bu qrup məqsədinə çata bilməyib. Əgər üçüncü dəfə də referendum keçirsələr, mən qətiyyətlə deyə bilərəm ki, yenə də uğursuzluğa düçar olacaqlar. Odur ki, bu ölkədəki vəziyyət başqa ölkələrdəki vəziyyətdən fərqlidir. Bir başqa misal. Çexoslovakiya da iki hissədən – Çexiya və Slovakiyadan təşkil olunmuşdu. Neçə illər bundan əvvəl Çexoslovakiya iki ölkəyə bölündü, lakin biz gördük ki, bu bölünmə, parçalanma çox sakitliklə reallaşdı.
Heç bir ölüm və qırğın baş vermədi. İki ölkə bir-birindən ayrıldı və ayrılandan sonra iki qonşu, iki qardaş kimi dinc yanaşı yaşamaqda davam edirlər. Çexoslovakiyadan bir az o tərəfdə yerləşən Yuqoslaviya da 7 ölkəyə parçalandı, lakin nə qədər qan töküldü və qırğınlar baş verdi. Yəni parçalanmanın bütün növlərinin şahidi olmuşuq.
– Bilmək istərdik ki, Kanada hökuməti Kvebek əyalətində yaşayan fransızdilli əhalinin təşviqi üçün nə kimi siyasət yürüdür ki, onlar referenduma gedəndə separatizmə səs vermirlər? Bunun sirri nədədir? Bunu bizə izah edə bilərsinizmi?
– Kanadada bir demokratiya var, demokratiya olduğuna görə hər kəsin hüquqları yerindədir. Sizin qeyd etdiyiniz fransızlar yalnız Kvebek əyalətində yaşamırlar. 15 mln əhalisi olan Ontario əyalətində 800 – 900 min fransız əhali yaşayır. Lakin qeyd etmək lazımdır ki, Kvebek əyalətində yaşayan fransızlar dil və mədəniyyət sahəsində hansı hüquqlara malikdirlərsə, Ontario əyalətində yaşayan fransızlar da eyni hüquqlardan faydalanırlar. Ontario hökumətinin iki rəsmi dili var: ingilis və fransız dilləri. Kanadada mövcud olan hər bir hökumət yarımüstəqil bir dövlətə bənzəyir. Bütün Kanadada, o cümlədən Ontario əyalətində dövlət dili ingilis və fransız dilləri olduğu halda, Kvebek əyalətində rəsmi dövlət dili yalnız fransız dilidir. Dediyim odur ki, Kvebek əyalətindən kənarda da fransızlar yaşayırlar. Monto əyalətində, habelə sizin olduğunuz Bionif Kolumbiya əyalətində fransızlar yaşayırlar və onların haqq və hüquqları tam olaraq qorunur. Kanada hökuməti elə bir şərait yaradıb ki, Kvebek əyalətində yaşayanlar sual verirlər: deyin görək, biz nəyə görə müstəqil olaq? Müstəqil olsaq, nə əldə edəcəyik? Kvebek əyalətindəki separatçı partiyalar hətta bundan əvvəlki dəfə hökumətə başçılıq edəndə referendum keçirmək istəyirdilər və o referendumda yazmışdılar ki, biz istəyirik Kanada pulunu saxlayaq, Kanada pasportunu saxlayaq, lakin müstəqil olmaq istəyirik. Kvebeklilər də deyirlər ki, yaxşı, biz ki, müstəqil olmaq istəyirik, indikindən artıq nə əldə etməliyik ki, Kanadanın tərkibində qalmaq istəyək? Məncə, çoxmillətli ölkələrin hökumətləri elə şərait yaratmalıdırlar ki, belə bir zərurət olmasın.
Bir misal gətirmək istəyirəm. İsveçrə, üç əsas etnik qrupdan – fransız, alman və italyanlardan ibarətdir, İsveçrə dünyanın ən demokratik ölkələrindən biridir.
İsveçrəli almanlar heç zaman İsveçrənin parçalamasını və almanların yaşadığı hissəsinin Almaniyaya birləşdirilməsini, italiyanlar yaşadıqları hissəsinin İtaliyaya və fransızlar Fransaya bağlamasını istəməyiblər.
İsveçrə yüz illərdir demokratiyanın beşiyi olub, iki dünya müharibəsi baş verib və Avropada bir çox ölkə yerlə yeksan edilsə də, İsveçrədə bir güllə də atılmayıb. Nə səbəbə? Çünki onlar demokratiyanı qorudular. Fransızlar və Kvebek xalqı da ölkələrini bölmək istəmədilər. Əgər demokratiya varsa, ölkədə yaşayan bütün insanların hüquqlarına hörmət edilirsə, o zaman niyə ölkəni bölməlidirlər!
– Verdiyiniz bu izahata görə çox təşəkkür edirəm, c-b Moridi. Vermək istədiyim növbəti sual, bloklara qoşulmayan İran müxalifəti ilə əlaqədardır. Bilirsiniz ki, illərdir, millətçi müxalifət, respublikaçılar, Məşrutə tərəfdarları, monarxistlər və mücahidlər ümumi bir bayraq altında mübarizə aparmaq üçün bir araya gələ bilməyiblər. Bu cərəyanlardakı ən vacib məsələ güclü partiyalar və fars olmayan cərəyanların partiyaları, yəni kürdlərin, ərəblərin, bəlucların və Azərbaycan türklərinin partiyaları idi, halbuki həmin millətçi fars yönümlü müxalifət qeyri-fars partiyaların samballı çəkiyə malik olduğundan tam xəbərdar idi. Ancaq həmişə bu qüvvələri açıq şəkildə kənara itələməklə və onlara damğa vurmaqla onların güc və imkanlarını, xüsusən də hər birinin öz dövlətinin bayrağını və öz millətinin rəmzini öz milli mübarizəsinin ifadəçisi kimi istifadə edən qeyri-fars millətlərin güclərini görməzdən gəldilər. Bu, mənim adını farsyönümlü müxalifət qoyduğum qüvvələrin bu millətlərin “dil hüquqları” da daxil olmaqla əsas hüquqlarını tanımaq istəməyən bir müxalifətə çevrilməsinə gətirib çıxardı. Bildiyiniz kimi, bu qarışıq müxalifət bu yaxınlarda bir Azərbaycan partiyası tərəfindən səkkiz dövlətin simvolu və ərazi bütövlüyü üçün yüz illik zəmanət kimi hazırlanmış bayraqla, öz təklifini eyni zamanda bütün ölkəyə və İran xalqına təqdim etdi. Ümid edilirdi ki, bu bayraq bu cərəyana daxil olan bütün partiyaları birləşdirəcək. Siz görkəmli bir şəxsiyyət kimi millətçi fars mərkəzli partiyalarla digər millətləri əhatə edən fərqli cərəyanların arasındakı uçurumu ən azından minimuma endirə biləcək və ya onları bir bayraq altında birləşdirə biləcək bu bayraq barədə fikirlərinizi bildirin. Əlbəttə, Sizin fikriniz bizim üçün çox vacibdir.
– Məncə, bayraq haqqında danışmazdan əvvəl, doğrudan da, İranda demokratiya məsələsini gündəmə gətirməliyik. Yaxşı, qırx il və ya qırx bir ildir, qeyd etdiyiniz kimi. müxalifət qrupları arasında heç bir razılaşma əldə olunmayıb. Göründüyü kimi, hamısı bu rejimin getməsini istəyir, lakin bu rejim gedəndən sonra onun yerini nəyin tutacağını, sonra ölkəni necə birlikdə idarə edə biləcəklərini və tez-tez eleminasiya – çıxdaş metodlarından istifadə edərək dinc yanaşı yaşama metodunu necə öyrənəcəklərini hələ də müəyyənləşdirə bilməyiblər. Çünki bəziləri özlərini monarxist, bəziləri konstitusiyaçı, bəziləri respublikaçı adlandırırlar. Ancaq məsələnin əsli budur ki, respublikalar və krallıqlar haqqında danışmazdan əvvəl demokratiyadan danışmalıyıq, çünki əsas məsələ demokratiyadır. Respublika ola bilər, ancaq bir diktatura rejimi ilə. Hazırda İran zahirdə bir respublikadır, ancaq burada demokratiya yoxdur. Suriya bir krallıqdır, orada demokratiya yoxdur, bunun əvəzinə İspaniya bir krallıqdır, ancaq oradakı dövlət quruluşu demokratikdir. Beləcə bir neçə ölkənin də adını çəkmək olar. Bununla yanaşı, Fransa Respublikası, Almaniya Respublikası demokratikdirlər. Odur ki, bu qüvvələrin müzakirə etməli olduqları əsas məsələ İranda bir demokratiya yaratmaq məsələsidir. Onun zahiri idarəetmə forması, istər bir respublika olsun, istərsə də monarxiya olsun, o qədər də önəmli deyil. Əslində demokratiyadan bəhs edərkən, biz ölkədə hakimiyyətin və ölkənin idarə olunmasının ölkə təmsilçilərinin oturduğu, hökumətin və ya baş nazirin həmin təmsilçilər tərəfindən təyin edilən parlamentin əlində olmasının lazım olduğunu nəzərdə tuturuq. Nəticədə parlament tərəfindən seçilmiş hökumət və ya baş nazir ölkənin istər siyasi, istərsə də hərbi cəhətdən idarə olunmasına məsuldur. Parlament nə vaxt istəmirsə, bu hökuməti buraxır, yaxud da fəaliyyətindən razı qalmadığı təqdirdə xalq bu hökuməti istefaya göndərir. Dövlət başçısı kimi ölkənin formal rəhbəri müvəqqəti bir şəxs də ola bilər, müvəqqəti yəni dörd-beş il müddətinə. Məsələn, Almaniya kimi. Ya da Belçika və ya bəzi başqa ölkələrdə olduğu kimi, İngiltərədəki kimi daimi, yaxud bir ailəldən ibarət ola bilər. Adı nə olursa-olsun, istər kral, istərsə də prezident. Bu, simvolik və formal bir vəzifə olacaq. Bu cəmiyyətin birliyinin və həmrəyliyinin təzahürü ola biləcək bir məmur ölkənin siyasi işlərinə qarışmaq hüququ olmayan, hətta seçkilərdə səs vermək hüququ olmayan bir məmurdur ki, bu və ya digər partiyaya səs verə bilməsin. Bu, tamamilə partiyasız və tərəfsiz, yalnız ölkənin birliyinin simvolu olan bir vəzifəyə seçkilərdir, onu qalanların yanına qoysaq, bu, həqiqi demokratiya olacaq.
Demokratiyada da bütün partiyalar bir-birini qəbul etməyi bacarmalıdır, əgər birpartiyalı olacaqsa, onda bu demokratiya olmadı, oldu İslam Respublikası. Beləliklə, təəssüf ki, bu qırx bir il ərzində bu partiyalar İranda demokratiyanın qurulması məsələsinə çox az diqqət yetiriblər. Biri respublikaçıdır, biri monarxistdir, o biri isə mücahidlərin tərəfdarıdır, özü də hamısı həmin bu İslam fəlsəfəsinə uyurlar. Bizdə də solçu qruplar var. Bu prinsipə əsaslansaq, İranın siyasi partiyaları arasında qaldırılması lazım olan məsələ budur: deyək ki, biz hamımız demokratiya istəyirik. Belə olduqda isə biz hamımız bir-birimizi qəbul etməliyik. Son nəticədə, hər hansı bir dövrdə ölkəni hansı partiyanın idarə edəcəyini insanlar özləri seçirlər. Çünki növbəti seçkilərdə insanların fikri dəyişə bilər. Odur ki, biz bunu ölkəmizdə tətbiq etməliyik. Bu, bir düşüncədir, bu düşüncə cəmiyyətdə özünə yer tapanda insanlar məsələsi ortaya çıxır və bu zaman biz baxmalıyıq ki, İran xalqı kimlərdən ibarətdir, ilk olaraq
müəyyənləşdirmək lazımdır ki, İran xalqı kimlərdir!?
İran xalqının kimlərdən ibarət olduğu aydındır. Bəlucistandan başlayaraq İranın qərbinə gələ bilərsiniz, İranın şərqindən İranın qərbinə, cənubdan şimala gəlin. İran xalqının bəluç, fars, bəxtiyari, lor, qaşqai, türkmən, mazi, gilək, azəri türkləri, kürdlər və bir sıra digər xalqlardan ibarət olduğunu görə bilərsiniz. Eyni zamanda, İranda dini azlıqlarımız da var. Sünni azlıqlarımız var, şiələrimiz var, bəhailərimiz var, zərdüştlilərimiz var, assuriyalılar kimi, ermənilər kimi, kəlimilər kimi kiçik etnik azlıqlarımız var və ehtimal ki, digər kiçik etnik qruplar da var.
Axı bunlar o ölkədə yaşayan insanlardır və bu insanlar fərqli dillərə sahibdirlər, fərqli dinlərə inanırlar ki, bu da onların şəxsi işidir. Fərqli mədəniyyətlərə və eyni zamanda ortaq bir mədəniyyətə sahibdirlər.
Biz iranlıların arasında mədəni fərqlərlə yanaşı dil fərqləri də mövcuddur, bir-birimizlə çoxlu mədəni ortaqlıqlarımız da var. Mədəni ortaq cəhətlərimizdən biri Novruz bayramı, ilaxır çərşənbədir, çillədir, “sizdəh bedər” (təbiət günü) – dür.
Novruz bayramı Azərbaycanda da, Bəlucistanda da, Şiraz və İsfahanda da qeyd olunur. Bundan əlavə, bir sıra tarixi faktlarımız da var və bu gün İran adlandırdığımız bu ölkə, 2500 ildir hey böyüyən, kiçilən, böyüyən, kiçilən böyük bir imperatorluğun qalıqlarıdır. Sərhədləri əsrlər boyu dəyişərək hazırkı vəziyyətə gəlib çatıb. Bu gün burada İran coğrafiyasında yaşayan insanları görürük. Burada müxtəlif xalqlar yaşayır və İranın gələcək demokratik hökuməti bütün İran xalqlarının tələblərinə cavab verməlidir. Bağışlayın, ərəbləri qeyd etməyi unutdum, Xuzistanda yaşayan ərəb soydaşlarımız var. Yəni fərqli insanların yaşadığı belə bir ölkəyə sahibik. Onların ümumi istəkləri var və eyni zamanda özünəməxsus istəkləri də var ki, bu xüsusi istəklərə daha çox diqqət yetirməliyik. İndi siz soruşursunuz ki, Kvebekdəki fransızlar niyə müstəqil olmaq istəmirlər, çünki Kanada hökuməti “fransızların”, “Fransız xalqı”nın və ya “fransız milliyyətindən olanlar”ın xüsusi ehtiyaclarını təmin edir. Mən bu mənanı ifadə etmək üçün üç istilahdan istifadə edirəm: bəzən “etnik qrup” deyirəm, bir qrup insan narahat olur, millət deyirəm, başqa bir qrup üzülür, təəssüf ki, hələ də bir söz tapmamışıq, millət və milliyyət, etnik qrup, tayfa və qəbilə üçün bir tərif tapmamışıq və nəticədə, bəzi insanlar buna həssaslıqla yanaşırlar. Məsələ burasındadır ki, indi “insanlar” sözünü işlədirəm, ölkədə fərqli insanlar yaşayır ki, əsrlər boyu onlar birlikdə yaşamışlar. Və yalnız bu yüz ildə yalnız bir dilin olmasını, digər dillərin isə ləğv edilməsini istəyiblər. Onlar dil məsələsini gündəmə gətirərək yalnız bir dilin qalmalı olduğunu, İranda yaşayan digər xalqların dillərinin isə bir işə yaramadığını, ləhcə olduğunu deyərək onlara hörmətsizcəsınə yanaşıblar. Məhz bu, İranda cəmiyyətin qütbləşməsinə gətirib çıxarıb. Biz gərək gələcək və demokratik İranda indiki çoxqütblülüyü aradan qaldıraq. Deyək ki, bütün dillər qəşəngdir, bütün xalqlar yaxşıdır.
Mən yenidən sizin “federalizm” haqqında verdiyiniz suala qayıdıram. İndi, İrandakı gələcək hökumət haqqında “federalist” sözünü istifadə etdikdə, bəziləri narahat olurlar və tez bizim ölkəni parçalamaq niyyətində olduğumuzu bildirirlər. “Mərkəzləşməmiş” sözünü işlədəndə isə “federalizm” tərəfdarı olan qruplar deyirlər ki, bunlar bizi aldatmaq istəyirlər, bizim gələcəkdə öz daxili işlərimizin sahibi olmağımızı istəmirlər. Etnik mənsubiyyətə əsaslanan bir federasiya yaratmaq istəyi İran kimi bir ölkədə təbii olaraq narahatlıq yaradır. Ancaq əgər federalizm mövcud vilayətlərə, İslam Respublikasının yaratdığı indiki əyalətlərə söykənərsə (indi neçə vilayət olduğunu bilmirəm, köhnə zamanlar əyalətlərin sayı çox deyildi, mənim məktəbə getdiyim vaxtlarda on iki, on üç vilayətimiz var idi və on üçüncü vilayət Bəhreyn idi, ancaq sonradan vilayətlərin sayını artırdılar), hər halda mövcud vilayətlər daxilində, İranın indiki vilayətləri daxilində mərkəzsiz və ya federal bir hökumət qurulsa (daha sonra, önümüzdəki illərdə, vilayətləri danışıqlar və dialoq yolu ilə dəyişdirə bilərlər), ancaq mövcud vəziyyətdə, hər bir insanın öz daxili işlərində müstəqilliyə sahib olduğu mərkəzsiz bir hökumət yaratmaq istəyiriksə, bunun nə eybi var? Bu, əksinə, çox yaxşı olar. Ölkəmiz daha yaxşı idarə olunar. Biz İranın XXI əsr üslubunda daha yaxşı rəhbərliyə sahib olmasını istəyirik. Ona nə ad verirsən, ver, əsas olan mahiyyətdir. Məncə, belə bir hökumətin mahiyəti elə olmalıdır ki, hər şeydən əvvəl etnik olmamalı, mövcud vilayətlər çərçivəsində olmalıdır. İkincisi, bu cür hökumətdə bələdiyyə işləri, sosial işlər, təhsil, turizm, mədəniyyət işləri, sosial xidmətlər, bütün bu işlər həmin vilayətin sərəncamında olmalıdır. Hər vilayətin o vilayətin parlamenti hesab edilə biləcək bir məclisi olmalıdır. O məclisin nümayəndələri xalqın nümayəndələridir, o məclis əslində o vilayətin rəhbərliyidir. Ancaq Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi ilə əlaqəli məsələlər, bankçılıq, iqtisadiyyat, limanlar və gəmiçilik, dəmir yolları, aviasiya kimi nəqliyyat işləri mərkəzi hökumətin əlində olmalıdır. Beləliklə, bir əmək bölgüsü etmiş oluruq, əmək bölgüsü edildikdə isə, heç kim, məsələn, mərkəzləşdirilməmiş və ya federal və ya muxtar bir hökumətə sahib olacağıq desək, sabah ölkəmizin bölünəcəyindən narahat olmamalıdır. Bu arada, ölkəmiz daha yaxşı idarə olunacaq, buna biz tərif verməliyik. Etnik mənsubiyyətə əsaslanan federal bir hökumət axtaranlar, düşünürəm ki, səhv edirlər, çünki İranda bu cür federalizm vətəndaş müharibəsinə səbəb olardı. Bu, ölkəmizin marağında deyil, buna görədir ki, bəzi insanlar qorxurlar və haqlı olaraq qorxurlar. Ancaq federalizmi, həqiqətən, ölkədə daha yaxşı idarəetmə sistemi yaratmaq məqsədilə müəyyənləşdirmək istəyiriksə, buna heç kim etiraz etməməlidir, nəinki yalnız keçmişdə olduğu kimi, İran xalqının mədəni hüquqlarını ayaqlar altında tapdalamaq istəyənlər, həmçinin demokratiyaya inananlar da etiraz etməməlidir. B isə ayrıca bir söhbətin mövzusudur.
– Bəli. Çox-çox təşəkkür edirəm. Dediklərinizlə tamamilə razıyam, xüsusilə “federalizm” haqqında söylədiklərinizlə, mövcud sərhədlərdə və əyalətlərdə heç bir dəyişiklik edilməməlidir. Cənab doktor, Kanadadakı iranlı icması tərəfindən bəyənilən və Azərbaycan türkləri, bəluclar, kürdlər və ərəblər tərəfindən qəbul edilən bir şəxs kimi verdiyiniz bu izahata görə çox təşəkkür edirəm.
– Fars həmvətənlərim tərəfindən də…
– Bu həssas anda, bütün təbəqələrə, qəbilələrə, tayfalara və dini etiqadlara mənsub olan insanları öz ətrafında birləşdirən, sevdiyimiz İranın azadlığı uğrunda İran cəmiyyətinin birliyinin bayraqdarı və liderinin yanında olmağınızı arzu edirəm. Görkəmli bir şəxsiyyət olaraq bunu sizdən gözləyə bilərikmi?
– Bu lütfünüzə görə çox sağ olun. Mən də sizin kimi, Bəluçistandan Azərbaycana, Fars körfəzi sahillərindən Xəzər dənizinə və İranın şərqindən qərbinədək yaşayan bütün insanların, bütün İran xalqının xoşbəxtlik və firavanlığının vahid İranda, o ölkədə yaşayan bütün insanlara məxsus olan İranda olduğuna inanıram. Odur ki, İranın siyasi liderləri gözlərini və qulaqlarını açmalı, İranda demokratiyanın qurulması yolunda səy göstərməlidirlər. Onlar İran üçün 21-ci əsrə və 21-ci əsrin tələblərinə uyğun bir idarəetmə metodu hazırlamalıdırlar. İranımız çiçəklənə bilər, birlik bütün İranlılar tərəfindən təmin edilə bilər və bu, əldə edilə bilən bir hədəfdir. Sevimli İranımızdan olan kiçik bir fərd kimi, İranın qüruru və azadlığı üçün, eləcə də İranda sabitlik və demokratiya üçün əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm.
– Çox təşəkkür edirəm. Bizə dəyərli vaxtınızı sərf etdiiyiniz üçün çox sağ olun.
– Təşəkkür edirəm.