“Cavad Zərifin Ərdoğana təpkisi İrandakı türk məsələsini tabu olmaqdan çıxardı”
Məhəmməd Rza Heyət Amerikanın Səsinə müsahibədə deyir ki, İranın Türkiyə prezidenti Ərdoğanın Bakıdakı paradda oxuduğu şeirə verdiyi təpki basqı atmosferi altında verilmiş tələsik bir qərar idi. Onun fikrincə, İran özü təqribən bir əsir idi tabu etməyə çalışdığı türk məsələsini bu tələsik təpki ilə tabu olmaqdan çıxardı.
“İran bu təpki ilə əslində göstərdi ki, mənim ən zəif nöqtəm türklükdür. Mən türklüyü əzmək üçün əlimdə nə gəlsə edərəm” – deyə, Ankara Universitetinin müəllimi ifadə edir.
İran Dağlıq Qarabağ müharibəsinin məğlublarından biri oldu və bu məğlubiyyətin ortaya çıxardığı basqı atmosferində Ərdoğanın oxuduğu şeirə tələsik səkildə reaksiya göstərdi.
O, Tehran tərəfindən “Arazı Ayırdılar” şeirinə göstərilən təpkinin İranın ənənəvi siyasətinə zidd olduğunu vurğulayır.
“Bunu mən gözləmirdim. Çünki, Türkiyə ilə İranın münasibətləri xüsusilə də son illərdə bəlli bir səviyyədə davam edirdi. Türkiyə İrana qarşı bu sanksiyalar məsələsində də hər zaman İranın yanında yer almışdı. Xüsusilə də bu səviyyədə diplomatik çərçivənin xaricinə çıxmaq və nəzakətsiz ünvanlarla cumhur başqanı Ərdoğana qarşı təhqir cümlələrinin işlədilməsi gerçəkdən də gözlənilməz idi,” Heyət söyləyir.
Məhəmməd Rza Heyət “Pəhləvilərdən etibarən İranın xarici siyasətində türk məsələsinin tabu halına gətirildiyini” önə çəkir.
Onun söylədiklərinə görə, “İran uzun müddətdir, yəni başlanğıcdan, Pəhləvilərdən etibarən İranda türk məsələsinin olduğunu inkar edən bir siyasət yürüdür. Yəni İranda türklük məsələsi özəlliklə də xarici dövlətlərin yanında bir tabu olaraq dünyaya qəbul etdirilmişdi. Heç bir dövlət də bu məsələyə açıqca aydınlıq gətirmək istəmirdi. Amma İran bu son hərəkəti ilə türk məsələsini ki, İranın ən həssas olduğu məsələ və ən zəif nöqtəsidir, bütün dünyaya tabu olmaqdan çıxardı. Bu məsələni müzakirəyə açdı.”
İran uzun müddətdir, yəni başlanğıcdan, Pəhləvilərdən etibarən İranda türk məsələsinin olduğunu inkar edən bir siyasət yürüdür.
Heyət bu reaksiyanın İrana zərər verdiyini və bundan sonrakı prosesləri İranın ənənəvi siyasətlərinə zidd bir istiqamətə yönləndirəcəyini söyləyir.
Onun sözlərinə görə, “bu olaylar kəsinliklə [İran Azərbaycanında] milli hərəkatın xeyrinə oldu. Daxildə milli hərəkatın çox məhdud bir fəaliyyət bazası var və bu fəaliyyət daha çox reaksiya mahiyyəti daşıyan hərəkətlərdir çox vaxt… Qarabağ məsələsində milli hərəkat fərqli bir faktor olaraq ortaya çıxdı. İran hökümətini tormozlaya biləcək bir güç olduğunu dünyaya göstərdi. Çünki, İrandan Ermənistana göndərilən silah və təchizat yardımını sadəcə milli hərəkatın aktivistləri durdura bildi. Bu, çox önəmli idi. Bunu məncə, Azərbaycan da yaxşı dəyərləndirdi, Türkiyə də. Digər ölkələr də bunu gələcəkdə dəyərləndirərlər deyə düşünürəm. Yəni zamanında İranın hərəkətlərini durdura biləcək bir güc faktoru olduğunu göstərdi. Cavad Zərifin davranışı və ondan sonrakı mesajlar milli hərəkatın bu gücünü təsdiqlədi.”
Məhəmməd Rza Heyətin dediklərinə görə, İran Dağlıq Qarabağ müharibəsinin məğlublarından biri oldu və bu məğlubiyyətin ortaya çıxardığı basqı atmosferində Ərdoğanın oxuduğu şeirə tələsik səkildə reaksiya göstərdi.
“İran həm Ermənistandan uzaqlaşmaq məcburiyyətində qaldı. Həm də Azərbaycanla olması gərəkən o güvən və etimadı artıq yenidən qura biləcək gücə sahib deyildi. Bu da İranda böyük təpkilərə səbəb oldu. Niyə Azərbaycanın irəliləməsini bir şəkildə əngəllənmədi, və ya niyə Güney Azərbaycandakı bu hərəkat basdırılmadı, deyə fars millətçiləri tərəfindən çox ciddi basqı var idi. O üzdən, sayın Ərdoğanın şeiri oxumasından sonra İran höküməti bunu bir fürsət olaraq dəyərləndirdi. O şəkildə o fars millətçilərinin duyğularını öz lehinə dəyərləndirmək istədi. Amac o basqını öz üzərindən azaltmaq idi” – deyə, o əlavə edir.
VOA