Yasəmin Zəfəri Təbriz məhkəməsinə çağırılıb
Keçən iyul ayında Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə keçirilən mitinqdə nəzarət altına alınan türk fəal Yasəmin Zəfəri Təbriz Cəza Məhkəməsinə çağırılıb.
Yasəmin Zəfəri iyulun 16-da keçirilən Azərbaycan Respublikasına dəstək mitinqdə bir neçə digər fəalla birlikdə saxlanılıb, təqribən iki həftə sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.
İnsan haqları üzrə faəliyyət göstərən “HRA” agentliyinin bildirdiyinə görə, Zəfəridən təqribən bir ay ərzində məhkəməyə müraciət etməsi tələb olunub.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsi milli fəalı “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə mühakimə edəcək.
Keçən iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca türk fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Həmin günlərdə bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınmışdılar.