İran polisi Ərdəbildə Qarabağa dəstək mitinqini sərt şəkildə dağıdıb
Sentyabrın 29-da Ərdəbil şəhərində keçirilən Qarabağa dəstək mitinqi İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə dağıdılıb. İzdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəkdən istifadə edildiyi bildirilir.
Bölgədən Amerikanın Səsinə məlumat verən mənbə Ərdəbilin Ciral parkında təşkil olunan mitinqdə təqribən 20 vətəndaşın nəzarət altına alındığını, bir çox iştirakçının da yaralandığını bildirib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlanılanlardan 11 nəfərin adını yayımlayıb. Tutulan mitinq iştirakçıları Əsgər Əkbərzadə, Muctaba Pərvin, Murtaza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Colani, Pərviz Siyabi, Səccad Colani, Bəhmən Xeyrcu, Hüseyn Balaxani və Hamid Heydərinin hazırda harada saxlanıldığına dair məlumat yoxdur.
Saxlanılanların içində də yaralıların olduğu bildirilir. HRA agentliyi türk fəal Əsgər Əkbərzadənin qulaq və gözündən, Hüseyn Balaxani və Pərviz Siyabinin əllərindən, Səccad Colaninin isə burnundan xəsarət aldığını qeyd edib.VOA