Təbrizli ailə övladının qatilini əfv edib
Təbrizdə edama məhkum olmuş bir məhbusun qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olduğu bildirilir.
İran məhkəmə sisteminin rəsmi orqanı olan “Mizan” xəbər agentliyinə istinadən, “sözügedən şəxs 6 il əvvəl qisasa məhkum olub və Təbriz həbsxanasında edam hökmünün icrasını gözləyirdi. Nəhayət ki, vasitəçilərin yardımı ilə qan sahiblərinin razılığını alaraq dar ağacından xilas oldu.”
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi isə bildirib ki, keçən 6 ay ərzində Zəncan şəhərində 7 edam məhkumu qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanıb.Hüquq müdafiəçilərinin daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun ölüm hökmü icra olunub. Bunlardan 13-ünün hökmü əhaliyə açıq məkanlarda həyata keçirilib. Həmçinin, 2019-da dar ağacından asılan məhbuslardan dördünün yaşı mühakimə olunduğu zaman 18-dən aşağı olub. VOA