İran höküməti türk yer adlarını farscaya dəyişdirməyə davam edir
İran Azərbaycanında mədəni fəallar və sosial media istifadəçiləri tarixi türk adlarının dəyişdirilməsi və “farslaşdırma siyasətinin” davam etməsini qınayırlar.
Bu günlərdə Zəncan vilayətində “Köynək” adlı kəndin adının farsca “Kuyi-nik” (yaxşı xiyaban) adına dəyişdirilməsi sosial şəbəkələr və İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portallarının gündəminə gəlib.
Zəncan vilayətinin Əbhər şəhərində yerləşən Köynək kəndinin adı daha əvvəl Kuhgin (Kuhcin) adına dəyişdirilmişdi. Amma, kəndin adı nazirlər kabinetinin qərarı ilə yenidən dəyişdirilib. Bu dəfə zahirdə kəndin orijinal türk adına oxşayan farsca “Kuyi-nik” adı verilib. Həmin adı göstərən bir lövhə isə kəndin girişində quraşdırılıb.
Güney Azərbaycan Televiziyasının (Günaz TV) veb səhifəsində yazılanlara görə, “türk adlarının geniş şəkildə təhrif edilib dəyişdirilmə prosesi Pəhləvi dönəmindən bəri İranda türklərin tarix və kimliyini inkar məqsədilə başladılıb və hələ də davam edir. Ancaq son illər, Güney Azərbaycanda milli şüurun yüksəlməsi ilə birlikdə türk adlarının dəyişdirilməsinə etiraz və təpkilər də artmaqdadır.
2014-cü ildə Qərbi Azərbaycan vilayətinin o vaxtkı vali müavini Hadi Bahadıri “Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini” ifadə etmişdi.
VOA
https://www.amerikaninsesi.org/a/turkish-names-iranian-azerbaijan/1972494.html