Milli fəal Əbdullah Səduqi həbs edilib
Milli fəal və yazar Əbdullah (Güntay) Səduqi sentyabrın 23-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Amerikanın Səsinin Təbrizdə insan haqları müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Səduqi sentyabrın 23-də gündüz saatlarında Təbrizdə 15 nəfərdən çox təhlükəsizlik qüvvəsi işçilərinin evinə hücumu nəticəsində həbs edilib. O, daha sonra ailəsi ilə qısa telefon danışığında Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparıldığını bildirib.
Səduqi ona qarşı sürülən ittihamlar barəsində ailəsinə məlumat verilməyib.
Əbdullah Səduqi daha öncə də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O ilk dəfə 2010-cu ilin mart ayının 10-da Azərbaycan Traktor futbol komandasının türkcə afişasını yayımladıqdan sonra afişaların lisenziyalı olmasına baxmayaraq, həbs edilərək 52 gün təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmışdı. Səduqi 21 gün aclıq aksiyası keçirəndən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı və Təbrizin İnqilab Məhkəməsi tərəfindən “ölkə təhlükəsizliyini pozmaq üçün cinayətə təşəbbüs”, “sistemə qarşı təbliğat aparmaq” və “əcnəbilər ilə əlaqə saxlamaq” ittihamlarından mühakimə edilmişdi.
Milli fəalın 21 günlük aclıq aksiyası zamanı Beynəlxalq Amnistiya təşkilatı bəyanat yaymışdı və onun həyatı barədə narahatlığını ifadə edərək, İran dövlətini milli fəalı dərhal sərbəst buraxmağa çağırmışdı.
Səduqi daha sonra 2011-ci ilin avqustun 24-də 28 digər milli fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində Urmiyə gölü üçün qurulan toplantıda saxlanılıb, Təbrizin inqilab məhkəməsi tərəfindən iki il həbs cəzasına məhkum edilmişdi.VOA