Qərbi Azərbaycan :Sulduzda həbs olunan Musa Ziya Gərgəri Təbrizin təhlükəsizlik idarəsinin nəzarət mərkəzinə köçürülüb
Qərbi Azərbaycanının Sulduz şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güneyli milli fəal Seyid Musa Ziya Gərgəri Təbrizin təhlükəsizlik idarəsinin həbs mərkəzinə köçürülüb.
Güneyli fəal Seyid Musa Ziya Gərgəri sentyabrın 16-da digər milli fəallarla birlikdə İran Azərbaycanının Sulduz şəhərində həbs edilərək naməlum bir yerə köçürülmüşdü.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, milli fəal Seyid Musa Ziya Gərgəri sentyabrın 17-də telefon vasitəsilə ailəsi ilə əlaqə saxladığı zaman Təbriz şəhərinin Kəşfiyyat Təcridxanasına köçürüldüyünü bildirib.
Seyid Musa Ziya Gərgəri onun nəzarət altına alınma səbəbi və ittihamları barədə məlumat vermək istədiyində təhlükəsizlik qüvvələri telefon əlaqəsini kəsib.
Güneyli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs ediləndən sonra onun evində və iş yerində axtarış aparılıb və mobil telefonu ilə kompüteri də daxil olmaqla bəzi şəxsi əşyaları müsadirə olunub.
Milli fəalın saxlanma səbəbi və ittihamı ilə əlaqədar hələ ki, heç bir məlumat verilməyib
Sulduz şəhərinin tanınmış fəallarından olan Seyid Musa Ziya Gərgəri indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və məhkum edilib.
Seyid Musa Ziya Gərgəri daha öncə, 2019-cu ilin sentyabr ayının 4-də Sulduzun 2-ci cinayət məhkəməsinin 103-cü şöbəsinin sədri olan hakim Əmir Kiyumərsi Xəlifkəndi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzasına məhkum edilmişdi.
Məhkəmənin son qərarı nəticəsində onun başqa cinayət işləri olmadığı üçün həbs hökmü İranın Cəza qanununun 37 və 38-ci maddələrinə uyğun olaraq 20 günə endirilmişdi.
VOA