Yazıçı və tədqiqatçı Mehdi Səlimi İranın milli təhlükəsizliyinə hədə ittihamı ilə həbs edilib
İran Azərbaycanının Əhər şəhərindən olan və hazırda Tehranda yaşayan yazıçı və tədqiqatçı Mehdi Səlimi milli təhlükəsizlyə hədə ittihamı ilə saxlanılıb.
İranın insan haqları üzrə informasiya agentliyi HRA-nın verdiyi xəbərə görə, Səlimi 500 milyon tümən qarşılığında zəmanətə buraxılıb.
Səlimi iyul ayının 7-də Əhərdə anasının evində ikən nəzarət altına alınıb. Daha sonra o, Təbriz Ettelatına, bundan sonra isə Tehrana aparılıb.
Qısa telefon söhbəti zamanı Səlimi Tehranın Evin həbsxanasının 209-cü bölməsinə köçürüldüyünü deyib.
İyulun 22-də Evin həbsxanasına köçürülməzdən əvvəl Səlimi 15 gün təkadamlı təcridxanada saxlanılıb.
Evin həbsxanasının 209-cü bölməsində yalnız milli təhlükəsizliyə hədə ittihamları ilə həbs edilənlər saxlanılır.
Səlimi İran İslam Respublikasına qarşı təbliğat, insanları əxlaqsızlığa təşviq etmək və milli təhlükəsizliyə hədə törətmək, habelə islam müqəddəslərinin təhqiri ittihamları ilə üzləşib.
Mehdi Səlimi 1984-cü ildə Təbrizdə anadan olub. Yəzd Universitetinin əl sənətləri üzrə bakalavr dərəcəsində təhsil alan yazar elektron Zoğal adlı jurnalı və Minde Motor saytının redaktoru olub.
Səlimi sənət və tənqidi estetika mövzusunda məqalə toplusu olan “Zorakılıq nəzəriyyəsi” kitabının müəllifidir.
Həmin kitab 2016-cı ildə İsveçdəki Azad İran Nəşriyyatı tərəfindən nəşr edilərək daha sonra Minde Motor saytı tərəfindən onlayn şəkildə yayımlanmışdı.
Səlimi həm də “Helene Cixous” və “Slavoy Jijek” kimi yazarların əsərlərinin tərcüməçisidir.
VOA