İranın Evin həbsxanasında siyasi məhbuslar televiziyada həbsxana ilə bağlı yayımlanan reportajın “gülünc və yalan” olduğunu bildirib
Avqustun 13-də İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasının 8-ci korpusunda saxlanılan 3 güneyli fəal həmin korpusda saxlanılan digər 12 siyasi məhbusla birlikdə bəyanat yayaraq İran dövlət televiziyasının Evin həbsxanasının vəziyyəti ilə bağlı yayımladığı reportajının “yalan və gülünc” olduğunu bildiriblər.
Avqustun 12-də İran yayımlanan verilişdə Evin həbsxanasının 8-ci korpusunda vəziyyətin normal olduğuna və orada koronavirusun yayılmadığına dair reportaj həbsxanadakı siyasi məhbuslarının etirazına səbəb olub.
Onlar televiziya verilişinə etiraz edən bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, avqustun 11-də Evin həbsxanasının 8-ci korpusunda saxlanılan 12 məhbusdan alınan COVID-19 testinin nəticələsində onlardan 8-də koronavirus təsdiqlənib. Lakin avqustun 12-də “20:30” adlı xəbər proqramında bu məlumat yer almayıb. Bəyanatda verilişin həbsxanadakı vəziyyətin normal olduğunu göstərmək məqsədilə yayımlandığı bildirilib.
Məhbuslar bəyanatda proqramda yer alan reportajların və müsahibələrin saxta olduğunu və onların əvvəlcədən müəyyən edilmiş məhbuslardan alındığını bildiriblər.
Üç türk dil haqları fəalı Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı da daxil olmaqla bəyanatı imzalayan məhbuslar əslində Evin və İranın digər həbsxanalarında COVID-19 vəziyyətinin, habelə məhbusların yaşayış şərtlərinin acınacaqlı olduğu qeyd ediblər.
Onlar həmçinin televiziya proqramında göstərilən dezinfeksiyaedici tuneldən xəbərlərinin olmadığını və bu tunelin “tamamilə yalan və saxta” olduğunu bildiriblər.
Siyasi məhbusların sözlərinə görə, həbsxananın birinci korpusun karantin salonuna gətirilən yeni məhbuslar orada sadəcə bir neçə saat və ya bəzi hallarda maksimum bir gün saxlanılır və ardınca 4-cü, 8-ci və ya 7-ci korpusa köçürülürlər, ancaq İran televiziyasından yayımlanan proqramda hər məhbusun karantin salonunda 14 gün saxlandıqdan sonra digər məhbusların olduğu korpuslara göndərildiyi bildirilib.
4-cü korpus barədə yayımlanan reportajla bağlı isə məktubda qeyd olub ki, həmin korpusda korrupsiyada ittiham olunan hakimiyyətə yaxın bəzi şəxslər də saxlandığı üçün, onlar talan etdikləri əmlaklar və şəxsi pulları ilə özləri üçün lüks otaqlar düzəldiblər və öz istədiklərinə uyğun nizam qurublar.
Məhbuslar həmçinin verilişdə göstərilən 8-ci korpusdakı sağlamlıq mərkəzində lazımi tibb müəssisələrin olmadığını, tibbi və əczaçılıq avadanlıqlarının çatışmazlığından əziyyət çəkdiyini və xəstələrə ən kiçik tibbi xidmətləri belə göstərə bilmədiyini qeyd ediblər.
Bəyanatın sonunda “Bu hekayənin sonu bizim üçün nə qədər acı olsa da, iqtidar üçün 100 qat daha acı olacaq” yazılıb.
Bəyanatı imzalayan siyasi məhbuslara Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Behnam Musəvivənd, Behnam Məhcubi, Məhəmməd Hadi Mehrani, Hüseyn Məhmudi, Abtin Cəfəriyan, Ruhullah Xizri, Yasin Cəmali, Sübhan İmani, Müsəyyib Rəisi Yeganə, Əsgər Şiri, Əhməd Farsi və Möhsün Fərid daxildir.
Avqustun 10-da İranın Evin həbsxanasında məhbuslar arasında koronavirusun yayılmasından dolayı 27 siyasi məhbus bu həbsxananın həyətində oturaq aksiya keçirib.
Son aylarda İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə bağlı xəbərlərdən sonra ictimaiyyət arasında milli fəalların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb.