“Urmiyə Gölü ətrafında ekoloji fəlakət təhlükəsi davam edir”
İqtisadiyyat və ətraf mühit üzrə ekspert Behzad Ciddi Amerikanın Səsinə müsahibədə Urmiyə Gölü ətrafında ekoloji fəlakət təhlükəsinin ortadan qalxmadığını ifadə edir.
Ekspertin dediklərinə görə, keçən il gölün vəziyyəti ilə bağlı görünən cüzi yaxşılaşma normaldan daha artıq olan yağıntılardan dolayı baş verib.
Keçən il gölün vəziyyəti yaxşılaşanda İran höküməti bunu öz adına çıxdı, ancaq məlumatlar göstərir ki, keçən il normaldan 71 faiz artıq yağıntı olub.
“Urmu Gölünün vəziyyəti bir az yaxşılaşıb. Amma vəziyyətin yaxşılaşması orada görülən işlərdən asılı deyil. Sadəcə keçən ildəki yağıntılardan asılıdır. Keçən il gölün vəziyyəti yaxşılaşanda İran höküməti bunu öz adına çıxardı, ancaq məlumatlar göstərir ki, keçən il normaldan 71 faiz artıq yağıntı olub. Keçən ilin selləri təbii olaraq gölün vəziyyətini biraz yaxşılaşdırdı,” Behzad Ciddi söyləyir.
O, Urmiyə Gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas amili olan bəndlərin fəaliyyətinin davam etdiyinə diqqət çəkir.
Ayova Universitetində iqtisadiyyat bölümündə doktorluq dərəcəsi üzərində çalışan tədqiqatçının sözlərinə görə, “Pəhləvilər dönəmindən bəri Urmu Gölünə tökülən suların qarşısında tikilən bəndlər üzündən gölün su haqqı verilmədi və onun qurumasına əsas səbəb oldu.”
Ekspert təhlükənin ortadan qalxmadığını önə çəkərək deyir ki, “İran hakimiyyəti də Urmu Gölü məsələsini həll etməyə deyil, xalqı aldadaraq vaxt qazanmağa çalışır. Çünki İslam hakimiyyətinin ortaya qoyduğu yollar praktik yollar deyil.”
2010-cu ildən bəri Urmiyə şəhəri başda olmaqla İran Azərbaycanının müxtəlif bölgələrində Urmiyə Gölünün quruması ilə bağlı təşkil olunan kütləvi etiraz aksiyalarında onlarla vətəndaş saxlanılaraq ağır həbs cəzalarına məhkum olublar.
Behzad Ciddi İran Azərbaycanında Urmiyə Gölü ilə bağlı təşkil olunan etirazları ətraf mühit problemlərinə dair beynəlxalq səviyyədə həyata keçirilmiş numunəvi aksiyalar kimi dəyərləndirir.
Bəzi araşdırmalarda deyilir ki, bugün insan Urmu Gölünü öz halına buraxsa, yəni bəndləri açsalar və su normal axsa, dörd-beş ilə göl öz həyatına davam etmənin yolunu tapar.
“Baxanda, Urmiyə Gölünün quruması məsələsinə etirazlar sadəcə İranda deyil, Yaxın Şərqdə də deyil, bütün dünya səviyyəsində ən böyük aksiyalardan sayılır. İlk dəfə idi ki, bölgədə bir ətraf mühit məsələsinə hətta akademik baxımdan yanaşan bu qədər çox oldu. Dəyərli araşdırmalar həyata keçirildi,” Ciddi söyləyir.
Ekspert əlavə edir ki, “doğrudur, bizim etirazçılar tutulub, həbs cəzası ilə, işgəncə ilə qarşılaşdılar. Ancaq İran İslam Respublikası bu məsələni ələ almağa məcbur qaldı. Həmçinin bir çox akademik məqalələr yazıldı. Bu akademik məqalələr aydın şəkildə göstərirlər ki, Urmu Gölünün qurumasının əsas səbəbi insandır, insanın müdaxiləsidir. Hətta məqalələrin bəzisində iddia edilir ki, bugün insan Urmu Gölünü öz halına buraxsa yəni bəndləri açsalar və su normal axsa, dörd-beş ilə göl öz həyatına davam etmənin yolunu tapar. Çünki, məlumatlar göstərir ki, iqlim dəyişikliyinin təsiri o qədər olmayıb ki, gölün suyu 90 faiz azalsın. İqlim dəyişikliyi ilə səviyyə 5 faiz azalar və ya çoxalar.”
VOA