İranda 18 türk fəalın saxlandığı deyilir
İyulun 16-da İranın Təbriz, Tehran və Urmu şəhərlərində Azərbaycan Respublikasına dəstək məqsədilə keçirilən mitinqlərdə saxlanılan türk fəallar var.
Bu haqda AzadlıqRadiosuna əslən İrandan olan Ramin Cabbarlıməlumat verib. O, qardaşı Həmid Cabbarlı və daha üç nəfər – Hadi Əlişi, Hüseyn Şəhidi, Yaqub Məcidinin Tehranda Ermənistan səfirliyinin önündə etiraz aksiyası zamanı saxlanıldığını bildirir.
R.Cabbarlı qardaşı H.Cabbarlıdan başqa saxlanılan fəalların iyulun 20-də müvəqqəti olaraq sərbəst buraxıldıqlarını deyir.
“Hakimin söylədiyinə görə, artıq Həmidi buraxmaq onun səlahiyyətində deyil. Hakim ETTELAAT-ın və Xarici İşlər Nazirliyinin şikayətçi olduğunu bildirib. O, hazırda Tehranın Evin həbsxanasında yaxşı olmayan bir vəziyyətdə, İŞİD-in iki üzvü ilə eyni kamerada saxlanılır”, – fəalın qardaşı əlavə edir.
Onun sözlərinə görə, Təbriz şəhərində Azərbaycan konsulluğunun qarşısındakı dəstək aksiyasında saxlanılanların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb. R.Cabbarlı bəzilərinin kimliyinin bəlli olsa belə, vəziyyətləri haqda məlumat əldə edə bilmədiklərini söyləyir.
Saxlanılanların Həkimə Əhmədi, Yasəmən Zəfəri, Rəsul Rəzəvi, Rəhim Sasani, Sədullah Sasani və Maqsud Fəzli olduğu deyilir.
R.Cabbarlı saxlanılan fəalların bir çoxunun Təbriz həbsxanasına köçürüldüklərinə dair xəbərlər yayıldığını bildirir.
Urmu şəhərində saxlanılan türk fəalların isə bunlar olduğu söylənir: Şiva Mücərrəd, Səyid Behnəmun, Səhənd Behnəmun, Salar Tahir Əfşar, Fərid Xorşidi.
F.Xorşidi və S.T.Əfşar iyulun 21-də zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
R.Cabbarlı türk fəallardan Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Nadarlının isə Tehranda saxlanılaraq Evin həbsxanasına göndərildiklərini qeyd edir. Bu milli fəallar digər siyasi fəal Əkbər Azadla birgə 2013-cü ildə Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən mərasimdə iştirak etdikləri üçün 2 il həbs və 2 il sürgünə məhkum edilmişdilər.
İki faktor
R.Cabbarlının sözlərinə görə, İran hakimiyyəti yerli türklərin Azərbaycan Respublikasına dəstək nümayiş etdirməsinə hər zaman həssas yanaşıb.
“İranda Azərbaycan Milli Hərəkatı ən çox iki faktordan təsirlənib. Birinci faktor Azərbaycanın müstəqilliyinin bərpasıdır. Eyni milli kimliyi daşıyan insanların qonşuluqda müstəqil olması İran türklərində qürur hissi yaradır. Onlar kimlik və mədəniyyətlərinə məhdudiyyətlər qoyulduğunu, ayrıseçkiliklərə məruz qaldıqlarını daha qabarıq şəkildə hiss etməyə başlayırlar. İkinci faktor isə Azərbaycan-Ermənistan münaqişəsində İranın ikili standartlarının üzə çıxmasıdır. Bu da İslam cümhuriyyətinin heç də İslam prinsipləri ilə idarə olunmadığını göstərmiş oldu”, – R.Cabbarlı söyləyir.
O hesab edir ki, hər iki faktor İranda yaşayan türklərin Tehranla bağlı düşüncələrinə mənfi təsir göstərir: “Yəni, Azərbaycanın Ermənistanla münaqişəsində İran vətəndaşı olan azərbaycanlıların səsinin çıxmasını İran daxili bir təhdid olaraq başa düşür. Bütün bunlara görə də hər zaman Qarabağla bağlı mitinqləri öz siyasətinə qarşı bir etiraz kimi yozur”.
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində atəşkəs pozulub, bir neçə gün döyüş gedib. Azərbaycan tərəfi bu zaman bir mülki, 12 hərbçisini itirdiyini bəyan edib.
Ermənistan tərəfi də itkilər haqda məlumat verib.
Döyüşlərin başlanmasında tərəflər bir-birini ittiham edir və bunu təxribat adlandırırlar.
Həmin döyüşlərdən sonra azərbaycanlılar Avropada, ABŞ-da, Türkiyə və İranda Azərbaycana dəstək aksiyaları keçiriblər.
AzadlıqRadiosu