Azərbaycan-Ermənistan sərhədində döyüşlər davam edir
İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu (Bakıdan 440 kilometr qərb) sahəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə yenidən hücum cəhdi olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, hazırda bu istiqamətdə döyüş gedir.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır,” nazirlik qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi həmçinin Ermənistanın “X-55” taktiki pilotsuz uçuş aparatının vurulduğunu bildirib və vurulmuş PUA-nın fotosunu yayıb.
Öz növbəsində, Ermənistan Müdafiə Nazirliynin Mətbuat Xidməti bildirib ki, gecə saatlarında Azərbaycanın diversant qrupu Ermənsitan Ordusunun mövqelərinə hücum edir. Şiddətli döyüşər oluib və Azərbaycan tərəfi geri oturdulub.
Məlumatda həmçinin Ermənistanın Ayqepar və Movses kəndlərinin atəşə məruz qaldığı bildirilir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq silahlı qarşıdurma olub.
Rəsmi məlumatlara görə, Azərbaycanın 11 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralılar var.
VOA