Umud Şükri: İran təbii qaz satmaq üçün Türkiyənin şərtlərini qəbul etməli olacaq
Umud Şükri Türkiyənin İranın təbii qazına ehtiyacının azaldığını ifadə edir. Onun sözlərinə görə, İran bundan sonra təbii qaz satmaq üçün Türkiyənin şərtlərini qəbul etməli olacaq.
Enerji üzrə yüksək ekspert Amerikanın Səsi ilə söhbətdə həmçinin Covid-19 pandemiyasının enerji sektoruna vurduğu itkiləri şərh edib, və Türkiyənin Liviya siyasətini dəyərləndirib.
“Keçən iki ildə həm təbii qaz istehsal edən ölkələr çoxaldı, həm də bu pandemiyadan sonra neftdən çox təbii qazın qiyməti endi. Bundan öncə, satan ölkə istədiyi şətlərdə sata bilirdi, amma indi müştəri istədiyi şərtlərdə və istədiyi qiymətə təbii qaz ala bilir,” Şükri söyləyir.
O, Covid-19 pandemiyasının enerji sektoruna vurduğu ağır zərbəyə diqqət çəkərək deyir ki, “ümumiyyətlə heç bir ölkənin iqtisadiyyatı pandemiyadan sağlam çıxa bilmədi. Hələ də heç bir ölkə tam olaraq nə qədər zərər gördüyünü bilmir, bildiyini də açıqlamır… Bu zərərin nə həcmdə olduğu bəlkə ilin sonuna qədər biraz məlum olar.”
Ekspert enerji sektorunda tam sabitləşmə üçün hələ zamanın gəlmədiyini vurğulayır:
“3 ay öncə ilə müqayisə etdiyimiz zaman, deyə bilərik ki, enerji bazarında biraz sabitləşmə var. Amma, tam sabitləşmənin təmin olunması üçün zaman lazimdir. Çünki, ən çox enerji istehlak edən Çin və Hindistan kimi ölkələrin iqtisadiyyatı hələ özünə gəlməyib ki, tələb olsun. Tələb olmasa da bazarda qiymətlər dəyişmir.”
Umud Şükrinin “İranın Türkiyəyə təbii qaz ixracatının gələcəyi” adlı məqaləsi keçən günlərdə ABŞ-ın The National Interest dərgisinin veb səhifəsində dərc edilib.
Azərbaycan Respublikası bu günə qədər az zərər görüb. Bundan sonrakı vəziyyət də Azərbaycanın izlədiyi siyasətə bağlıdır.
Şükri Amerikanın Səsinə deyir ki, “Türkiyə bundan sonra İran daxil olmaqla, istədiyi ölkədən istədiyi şərtlərdə təbii qaz ala biləcək.”
“İran və Türkiyənin təbii qaz müqaviləsi 2026 ilində bitir. Bu müqavilənin uzadılması üçün müzakirələr bu günə qədər nəticə verməyib. Türkiyə İrandan daha çox endirim istəyir… Keçən illərdə Türkiyə Amerikadan daha çox mayeləşdirilmiş təbii qaz (LNG) almağa başladı. Keçən ay ehtiyacının 30 faizini Amerikadan LNG olaraq aldı. Azərbaycan da Türkiyənin enerji bazarındakı payını artırdı,” enerji eksperti bildirir.
O, həmin səbəblərdən dolayı Türkiyənin həm İran, həm də Rusiyanın təbii qazına ehtiyacının azaldığını ifadə edir:
“Buna görə, Türiyənin həm Rusiyaya ehtiyacı azaldı, həm də belə gedərsə, Amerikadan daha çox LNG alsa, İranın Türkiyə ilə yeni müqavilə imzalamaq üçün şansı azalacaq. Türkiyə İran daxil olmaqla, istədiyi ölkədən istədiyi şərtlərdə təbii qaz ala biləcək. İndi, Türkiyəni enerji qaynaqlarını çeşitləndirmə mövzusunda dünyanın ən uğurlu ölkələrindən biri saya bilərik.”
Ekspert müsahibədə həmçinin pandemiyanın Azərbaycan Respublikasının enerji sektoru üzərindəki təsirini dəyərləndirib:
“Azərbaycanın neft və təbii qaz qaynaqlarında sıxıntı yoxdur. Lakin ümumiyyətlə dünya iqtisadiyyatında yavaşlama var və enerjiyə ehtiyac azalıb. Bu da bütün ölkələrə təsir göstərər. Azərbaycan bu günə qədər az zərər görüb. Bundan sonrakı vəziyyət də Azərbaycanın izlədiyi siyasətə bağlıdır. Həm daxili siyasətinə, həm də xarici siyasət və beynəlxalq bazarı necə təqib etdiyinə bağlıdır.”
Umud Şükri son vaxtlar Türkiyənin Aralıq dənizi və Liviyada izlədiyi siyasətin uğurlu olduğunu ifadə edir.
“Həm Liviyada olan enerji qanyaqları həm Şərqi Aralıq dənizində olan qaynaqlar dünyada tənlikləri dəyişdirməz. Amma bölgənin enerji təhlükəsizliyində çox önəmli rol oynaya bilər… Türkiyə Sərrac hökümətini dəstəkləyərək yaxşı bir siyasət izlədi. Keçən aylarda da bir müqavilə imzalayaraq həm Şərqi Aralıq dənizində öz sərhədlərini bəlli edə bildi, həm də Liviya ilə bərabər enerji qaynaqlarını çıxarmağa çalışdı,” o, əlavə edir.
VOA